Bakıda uşaqlara işgəncə verənlərə həbs tələb olundu

Nizami rayonunda yerləşən “Mehnur” loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi faktı ilə bağlı istintaqa cəlb olunan mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirindən şikayət verilib.

APA-nın əldə etdiyi xəbərə görə, iş üzrə zərərçəkmiş kimi tanınan uşaqlardan birinin valideyni Elxan Muradov hər üç şəxs barəsində məhkəmə qərarından apellyasiya şikayəti verib.

O, apellyasiya şikayətində hər üç təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin ləğvini və onlar barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edib.

Artıq şikayət Bakı Apellyasiya Məhkəməsində icraata verilib. Yaxın günlərdə zərərçəkmişin şikayətinə baxılacaq.

Qeyd edək ki, sosial şəbəkələrdə Nizami rayonunda yerləşən “Mehnur” loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb. Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb və mərkəzin direktoru Nuranə Hacızadə, mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli saxlanılıblar. Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.4-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.

Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə istintaq orqanı tərəfindən təqdimatlara baxılıb. Hər üç təqdimat təmin edilib və təqsirləndirilən şəxslər barəsində üç ay müddətinə ev dustaqlığı qətimkan tədbiri və vəzifədən uzaqlaşdırma ilə bağlı qərarlar qəbul edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ