Bakıda ekspress avtobuslar fəaliyyətə başlayır – İSTİQAMƏTLƏR

Paytaxtda sürətli rejimdə işləyəcək yeni ekspress marşrutlar yaradılır.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, bu marşurutlardan istifadə edəcək sərnişinlər paralel marşurutlarda hərəkət edən sərnişinlərdən daha tez mənzil başına çatacaqlar.

Agentliyin mətbuat katibi Mais Ağayev xezerxeber.az-a bildirib ki, müntəzəm daşımalarda əhalinin tələbatının ödənilməsi, sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi və sağlam rəqabət mühitinin formalaşdırılması üçün bu addımlar atılır:

“Bu tədbirlər çərçivəsində 5-i mövcud, 2-si yeni olmaqla ümumilikdə 7 müntəzəm marşrutda müsabiqə elan olunub. Vətəndaşlardan daxil olan müraciətlərə əsasən 104, 161, 163, 166, 189 nömrəli müntəzəm marşrutlar üzrə təhlillər aparılıb. Sərnişindaşımadakı vəziyyət qənaətbəxş hesab edilmədiyindən bu xəttlər müsabiqəyə çıxarılıb”. 

Mətbuat katibi onu da əlavə edib ki, vətəndaşların gediş-gəlişini sadələşdirmək və sərnişinlərin artan tələbatını nəzərə alaraq metronun “Xalqlar dostluğu” stansiyasını “Binə” ticarət mərkəziylə və eləcədə, bu stansiyanı “Sədərək” ticarət mərkəziylə əlaqələndirən “E2” nömrəli sürətli rejimdə işləyən yeni marşrutlar yaradılaraq istismara veriləcək:

“Məlumat üçün deyim ki, sürətli rejimli daşımalarda marşrut boyu avtobuslar müəyyən edilmiş bir neçə dayanacaq məntəqəsində dayanır. Bunlar əsas cəlbetmə məntəqələridir”.

Mais Ağayev sonda qeyd edib ki, müsabiqələr Nazirlər Kabinetinin 13 aprel 2009-cu il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobillə müntəzəm şəhərdaxili, şəhərlərarası və beynəlxalq sərnişindaşımalarına sərnişin daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi” qaydasına uyğun təşkil ediləcəkdir.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən daşıyıcı şirkətlər BNA-ya müraciət edə bilərlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ