Ötən gecə şahmat üzrə Avropa çempionatında Azərbaycan adına tarix yazıldı.
“Qafqazinfo” xəbər verir ki, ölkəmizi qitə birinciliyində təmsil edən iki qadın şahmatçı fəxri kürsüdə yer aldı. Günay Məmmədzadə Avropa çempionatının gümüş, Ülviyyə Fətəliyeva isə bürünc medalına sahib çıxdı.
Bundan öncə hər iki şahmatçımız milli komandanın tərkibində Avropa çempionatının bürünc medalını qazanmışdı. 2019-cu ilin noyabr ayında Gürcüstanın Batumi şəhərində keçirilən qitə birinciliyində Günay Məmmədzadənin və Ülviyyə Fətəliyevanın yer aldığı yığmamız ermənilər üzərində qələbə qazanaraq üçüncü yerə sahib çıxmışdı.
Millimizin heyətində tarixi uğur qazanan qadın şahmatçılarımız bu dəfə fərdi qaydada özlərindən söz etdirməyi bacarıblar.
Bəs uğurları ilə seçilən qadın şahmatçılarımız kimdir, indiyə qədər hansı uğurlara imza atıblar? Onları yaxından tanıyaq:
Günay Məmmədzadə 19 iyun 2000-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 2014-cü ildə qadınlar arasında qrossmeyster, 2018-ci ildə kişilər arasında beynəlxalq usta olub. Məmmədzadə iki dəfə Azərbaycan çempionu adını qazanıb. O, yeniyetmə qadınlar arasında dünya və ikiqat Avropa çempionudur. 2016-cı ildən Azərbaycan yığmasının üzvüdür. Demək olar ki, hazırda komandanın aparıcı şahmatçısıdır. O, milli komanda ilə 2016, 2018, 2022 Şahmat Olimpiadasının, 2017, 2021-ci illərd dünya çempionatının, 2017, 2019, 2022 Avropa çempionatının iştirakçısıdır. G. Məmmədzadə 2014-cü ildə, hələ 14 yaşı olarkən qadınlar arasında beynəlxalq qrossmeyster adına yiyələnib. Bununla da Azərbaycan qadın şahmatı tarixində ən gənc yaşda bu ada layiq görülmüş şahmatçı olur.
O, FİDE-nin reytinqində Azərbaycan şahmatçıları arasında birinci yerə sahibdir. Həm də Məmmədzadə “ən yaxşı 100 qadın şahmatçı” siyahısında yer alıb. Qadın şahmatçımız bu siyahıda 25-ci yerdə qərarlaşıb.
Həmçinin 22 yaşlı zəka sahibi 2021-ci ilin dekabrında FİDE reytinqində 2470 xal toplamaqla ən yüksək nəticə göstərmiş azərbaycanlı qadın şahmatçı olub. 2007, 2008, 2009-cu illərdə Azərbaycanda ilin ən yaxşı şahmatçısı seçilib. 2009-cu ildə Gənclər və İdman Nazirliyinin “Yaxşıların yaxşısı” nominasiyasının qalibi olub.
Qitə çempionatının bürünc mükafatçısı olan Ülviyyə Fətəliyeva 1996-cı il avqustun 3-də Gəncədə dünyaya göz açıb. O da komanda yoldaşı Günay Məmmədzadə kimi qadınlar arasında beynəlxalq qrossmeysterdir.
Ü. Fətəliyeva 2010-cu ildə 14 yaşında olarkən Gürcüstanın Batumi şəhərində keçirilən 14 yaşlı şahmatçılar arasında Avropa çempionatında bütün rəqiblərini üstələyərək qızıl medal qazanır.
Bir il sonra isə qadın qrossmeyster 20 yaşlı qızlar arasında analoji uğuru təkrarlayır və qitənin ən yaxşısı olur. 3 il sonra o, Batumidə 18 yaşlı qızların qitə birinciliyinə qatılıb. Fətəliyeva burada da bütün rəqiblərini qabaqlayır və fəxri kürsünün ən yüksək pilləsinə qalxır.
Maraqlıdır ki, o, 2017-ci ildə qadın şahmatçılar arasında Azərbaycan çempionatında komanda yoldaşı Günay Məmmədzadədən 1 xal az toplayaraq gümüş medala sahib çıxır. Həmin il şahmatçı “Odlar Yurdu” komandasının heyətində Türkiyənin Antalya şəhərində keçirilən Avropa Kubokuna qatılır. Burada o, komandası ilə gümüş medala sahib çıxır.
Fətəliyeva qadınlardan ibarət Azərbaycan yığmasının heyətində dünya (2017) və Avropa çempionatlarının (2015, 2017) iştirakçısı olub. O, 2016-cı ildə Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində mübarizə aparıb.
Son illər Azərbaycan şahmatı dünyada özündən söz etdirməyi bacarır. Teymur Rəcəbovun dünya kubokuna sahib çıxmasından az müddət keçdikdən sonra qadın şahmatçılarımızın bu cür uğurlu çıxışı idman tariximizə qızıl hərflərlə yazılır. İndiyə qədər Azərbaycan kişi şahmatçıları 3 dəfə Avropa çempionu adını qazanıb. Yığmamız 2009, 2013, 2017-ci illərdə qitənin ən güclüsü adını qazanıb. Məhz son 15 ildə zəka sahiblərimiz qitə arenalarında kifayət qədər uğurlu nəticələrə imza atmağı bacarır. Kişilərin qazandığı uğurları isə son 5 ildə qadınlarımız davam etdirir.