“Miss İngiltərə” gözəllik müsabiqəsinin yarımfinal iştirakçısı, politologiya fakültəsinin tələbəsi, əslən azərbaycanlı olan Melissa Rauf səhnəyə makiyajsız çıxıb. Bu barədə “Mirror” məlumat yayıb.
Melissa müsabiqənin tarixi boyu səhnəyə makiyajsız çıxan ilk iştirakçısı olub. Münsiflər heyətinin seçimi o final mərhələsinə vəsiqə qazanıb.
London Kral Kollecinin tələbəsi 2022-ci ilin oktyabrında keçiriləcək final yarışmasında da makiyajdan imtina etməyi planlaşdırır. Melissa ümid edir ki, onun nümunəsi digər qadınları makiyajsız görünüşlərini qəbul etməyə ruhlandıracaq.
“İnsanlar bədənlərində rahat olduqda, üzlərini makiyajla örtmək məcburiyyətində qalmamalıdırlar. Qüsurlarımız bizim kim olduğumuzu göstərir və bizi unikal fərdlər edir. Düşünürəm ki, insanlar öz qüsurlarını və xüsusiyyətlərini sevməli və qəbul etməlidirlər, gözəllik sadəlikdədir”, - 20 yaşlı Melissa Rauf bildirib.
Qeyd edək ki, Melisanın atası və anası Cənubi Azərbaycandandır. Ailə uzun müddətdir ki, Böyük Britaniyada yaşayır. Melissannı anası Kəmalə İbrahimova İngiltərədə həkim işləyir.