Avqust ayının 22-də saat 17:30-da “Zaqatala” sərhəd dəstəsinin Zaqatala rayonunun Kəpənəkçi kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 (bir) nəfər naməlum şəxsin Alazan çayını keçərək dövlət sərhədini Azərbaycandan Respublikasından Gürcüstana və əks istiqamətdə pozması barədə əməliyyat məlumatı daxil olub.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzinin məlumatında bildirilir.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə hərəkət edərək, xidməti ərazi qapadılmış və sərhəd pozucusunun axtarışını təmin etmək məqsədilə kəşfiyyat pilotsuz uçuş aparatı havaya qaldırılıb.
Saat 17:45-də şübhəli şəxsin yeri müəyyən edilib və sərhəd naryadı tərəfindən saxlanılıb. Saxlanılan şəxsin Azərbaycan Respublikası vətəndaşı, Zaqatala rayon Mosul kənd sakini 27.03.1964-cü il təvəllüdlü Həstərov Zakir Veysəlqara oğlu olması müəyyənləşdirilib. İlkin dindirmə zamanı sərhəd pozucusu dövlət sərhəddini pozduğunu etiraf edib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.