Məktəbdə xadimə işləyən sevgilisini öldürən Bəxtiyarın işi məhkəməyə göndərildi

Bu il fevralın 11-i İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbinin həyətində 1982-ci il təvəllüdlü Gülarə Qəhrəmanovanın qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Rayon Prokurorluğundan Buta.media-ya bildirilib ki, istintaqla zərərçəkmişin tanışı Bəxtiyar Əhmədlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Gülarə Qəhrəmanovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında B.Əhmədliyə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, hadisəni törədən məktəbin gözətçisi, 25 yaşlı Bəxtiyar Əhmədli Vətən müharibəsi qazisidir. Məlumata görə, B.Əhmədlinin iş yoldaşı olan xadimə, 40 yaşlı Gülarə Qəhrəmanova ilə münasibətləri olub. Gülarənin ailə üzvləri Bəxtiyarla danışaraq ona bu münasibətdən məlumatlı olduqlarını deyiblər. Onlar Bəxtiyara kənddə artıq söz-söhbətin yayıldığının və bunu aradan qaldırmaq üçün onun kənddən çıxmalı olduğunu deyiblər. Buna əsəbiləşən Bəxtiyar məktəbdə Gülarə ilə mübahisə edib və onu qətlə yetirib.

Qeyd edək ki, dörd uşaq anası olan Gülarə aldığı xəsarətlər nəticəsində qan itirib və hadisə yerində ölüb. B.Əhmədli qətli törətdikdən sonra hadisə yerindən qaçsa da, sonradan saxlanılıb.

Vətən müharibəsi iştirakçısı olan Bəxtiyar 4 medalla mükafatlandırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ