Müəllimdən məktəb rəhbərliyinə ciddi ittiham: Nazirlik reaksiya verdi

Xaçmazın Çaykənarı kənd orta məktəbinin keçmiş müəllimi Rəvanə Məmmədovanın məktəbin fəaliyyəti haqda səsləndirdiyi bir sıra iddialara aydınlıq gətirilib.

APA-nın sorğusuna cavab olaraq Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbin müəllimi olmuş Rəvanə Məmmədovanın müraciətlərinə əsasən 2021-ci ilin noyabr ayında Xaçmaz Rayon Təhsil Şöbəsi tərəfindən Çaykənarı kənd tam orta məktəbində monitorinq aparılıb.

"Monitorinq zamanı məktəbin direktor əvəzi Nuriyyə Nurməmmədova və təşkilati işlər üzrə direktor müavini Rəşad İsayevin işlərində müəyyən nöqsanlar (aşkarlanan nöqsanlara görə həmin şəxslər haqqında intizam tənbeh tədbirləri görülüb) aşkarlansa da iddia edilən fikirlər təsdiqini tapmayıb. Belə ki, kitabxanada oxucu kartlarının pulla satılması, kitabxananın gündə 15 dəqiqə açılması, ocaqçının sobaları yandırmaması, müəllimlərin içkili dərsə gəlməsi, şagirdlərə dərman preparatlarının paylanılması fakları təsdiqlənməyib. 2022-ci ilin iyununda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev və Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri İnqilab Musayev adıçəkilən məktəbdə olublar. Həmin zaman aşkarlanan nöqsanlara görə və daha öncəki nöqsanlar da aradan qaldırılmadığı üçün məktəbin təsərrüfat işləri üzrə direktor müavini və direktor əvəzi işdən azad ediliblər. Nuriyyə Nurməmmədova məktəbdə müəllim kimi saxlanılıb" - deyə qeyd edilib.

Həmçinin bildirilib ki, 2022-ci ilin iyun ayında Xaçmaz rayonu üzrə təhsil sektorunun əməkdaşları tərəfindən aparılan monitorinq nəticəsində bir neçə müəllimin, eyni zamanda Rəvanə Məmmədovanın heç bir səbəb göstərmədən bir neçə gün işdə olmadıqları aşkarlanıb və onların həmin günlərə olan əməkhaqları dayandırılıb.

06.08.2022

Xaçmaz rayonu, Çaykənarı (Alekseyevka) kəndində müəllim işləyən Rəvanə Asiman məktəbdə qanunsuz halların olması, şagirdlərə dərman paylanılması, işlədiyi dövrdə haqsızlıqlarla üzləşməsi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Rəvanə Asiman ərizə yazaraq iki il çalışdığı məktəbdən ayrıldığını bildirib. 

Müəllimin yazısında çalışdığı məktəb rəhbərliyinə qarşı çox ciddi ittihamlar yer alır. Məsələn, o qeyd edir ki, şəgirdlərə narkotik tərkibli dərmanlar paylanıb və bu, məktəb rəhbərliyini heç narahat etməyib: 

“Direktor mənə sual verir: Siz uşaqlara niyə kitab oxudursunuz ki?

Tərbiyə işləri üzrə müavin vulqar və təhqiredici üslubda danışır. Kitabxana kartları pulla satılır və kitabxana açılmır və gündə sadəcə 15 dəqiqə açıq olurdu.

Odun sobasını yandıran xala belə vəzifəsini icra etmir.

Müəllim dərsə içkili halda girir. Şagirdlərə dərman paylanılır və bu, heç kəsi narahat etmir”.

Müəllim həmçinin əlavə edib ki, bu məsələlərlə əlaqədar aidiyyəti dövlət orqanlarına, o cümlədən Təhsil Şöbəsinə şikayət etsə də, nəticəsiz qalıb: 

“On dəfəyə yaxın Təhsil Nazirliyi və Təhsil Şöbəsinə yazılı və şifahi şikayətimi bildirdim. Demək olar ki, hamısı nəticəsiz qalırdı. Təhsil Nazirliyinə göndərdiyim ərizə çap şəklində çıxarılıb məktəbə gətirildi və son nəticədə mən xəbərçi oldum, yoxlama belə nəticəyə gəldi ki, “məktəb ailədir, ailənin sirri kənara çıxmaz””.

Müəllimin paylaşımı, eləcə də, məktəbdə uşaqlara dərman paylanılması ilə bağlı iddiaya şərhlər yazılıb. İzləyicilərdən biri bunun narkotik olduğunu sual edib. Müəllim isə cavabında təkrar həmin hadisənin yaşandığını təsdiqləyib və ekspertizanın cavabını bilmədiyini qeyd edib.

R. Asiman, həmçinin qeyd edib ki, çalışdığı dövr ərzində ona şər atılıb, təhqir olunub, mobbinqə məruz qalıb. Aidiyyəti dövlət orqanlarına göndərdiyi şikayət məktubları isə cavabsız qalıb.

Sözügedən ittihamlarla bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır: 

“Qeyd edilən hallar təsdiqini tapdığı təqdirdə mövcud qanunvericilik çərçivəsində tədbirlər görüləcək və nəticəsi barədə məlumat veriləcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ