Azərbaycanda boşamaq çətinləşir

Azərbaycanda ailə, əmlak, əmək və iqtisadi münasibətlərlə bağlı yaranmış mübahisələrin həll edilməsi üçün yeni tələbin qoyulması təklif olunur.

Buta.media Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Mediasiya haqqında” qanunda öz əksini tapıb.

Qanun layihəsinə əsasən, tərəflər iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İlkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparacaq.

Layihədə qeyd olunur ki, ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər – nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyətli olmayan digər ailə üzvlərinin saxlanılması qaydası, ailə münasibətlərindən irəli gələn digər mübahisələr mediasiya vasitəsilə həll edilə bilər.

Tərəflər uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim etməyə borcludurlar.

Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ