Türkiyə mətbuatının məlumatına görə, adı açıqlanmayan azərbaycanlı iş adamı Türkiyənin Bodrum kurort şəhərində fəaliyyət göstərən beşulduzlu “Thor Hotel”i alıb.
Haqqin.az-ın məlumatına görə, hotelin əvvəlki sahibi İordaniya əsilli Türkiyə vətəndaşı Abdullah Heyecan olub.
Üç il əvvəl sahibi tərəfindən Türkiyə Dövlət Bankı “Halk Bank”a ödənilməmiş 32 milyon avro kreditə görə hotelə həbs qoyulmuşdu. Nəticədə bank hoteli müsadirə edərək hərraca çıxarmışdı.
Yerli səyahət saytlarında yerləşdirilən məlumata görə, “Thor Hotel” əvvəlcədən müəyyən edilmiş nəticə ilə hərraca çıxarılıb. Hoteli daha baha qiymətə almaq istəyən türk və xarici iş adamlarının auksiona buraxılmayıblar.
Lakin “Thor Hotel” hotelin borca görə bank tərəfindən müsadirə edilməsi ilə bağlı xəbərləri təkzib edib. Administrasiya nümayəndələri iddia edirlər ki, azərbaycanlı iş adamı obyekt üçün yaxşı qiymət - 35 milyon dollar təklif edib, bundan sonra sahibi Abdullah Heyecan sövdələşməyə razılaşıb və alqı-satqı müqaviləsi imzalayıb. Eyni zamanda, oktyabrın 31-dək hotelin Abdullah Heyecan tərəfindən idarə olunması razılaşdırılıb.
Eyni zamanda, Türkiyənin bir sıra xəbər saytları iddia edirlər ki, “Thor Hotel”in keçmiş sahibi həqiqətən də dörd il müddətində “Halk Bank”dan aldığı krediti ödəyə bilməyib. “Halk Bank”ın icraçı direktoru Osman Arslan bu barədə jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.