Azərbaycan Qarabağda “Qisas” əməliyyatına başladı - 4 ölü, 15 yaralı

Qarabağda sülhməramlıların müvəqqəti nəzarətində olan ərazidə qanunsuz erməni silahlı birləşmələrinin dörd hərbçisi ölüb, daha 15-i yaralanıb.

Bu barədə Ermənistan KİV məlumat yayıb.

Erməni tərəfinin iddiasına görə, bölgədə Azərbaycan Ordusu tərəfindən əməliyyat (antiterror) keçirilir. Yaralılardan birinin vəziyyətinin ağır olduğu qeyd edilir.

Haqqin.az bu gün Azərbaycan Ordusu tərəfindən keçirilən antiterror əməliyyatının “Qisas” adlandırıldığını yazıb.

Xatırladaq ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Qeyd edək ki, son günlər baş verənlər, eləcə də, Ermənistan tərəfinin açıqlamaları və provokasiyaları gərginliyin baş verəcəyinə dəlalət edirdi. Ermənistan Təhlükəsizlik Şurasının sədri Laçın dəhlizi ilə bağlı Ermənistan ərazisi haqda danışırmış kimi açıqlamalar verirdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ