Ali Məhkəmə şəhid ailəsinin ittihamlarına cavab verdi

Ali Məhkəmə aprel şəhidi Sənan Axundovun mülkünün əlindən alınması ilə bağlı məhkəmə tərəfindən çıxarılan qərara münasibət bildirib. 

Ali Məhkəmədən Buta.mediaya daxil olan məlumatda bildirilir ki, Zeynalov Novruz Qafar oğlu 13.08.2008-ci ildə “Kamran B.Ə” MMC ilə müqavilə bağlayaraq  50 kv.m qeyri-yaşayış sahəsinin (market) 64.480 manata almış, lakin pulun 53.480 manatını hissə-hissə ödəmiş, 11.000 manatını ödəməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2013-cu il tarixli hökmü ilə “Kamran B.Ə” MMC-nin rəhbərləri Babayev Ələkbər Tofiq oğlu, Hüseynov German İsmayıl oğlu CM-nin 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə məhkum olunub.

Həmin hökmlə Novruz Zeynalov zərərçəkmiş tanınmış və onun saxta müqavilə əsasında 53.480 manat pulunun cinayətkarlar tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi müəyyən edilib. Həmin hökmlə qərara alınmışdır ki, Babayev Ələkbər Tofiq oğlunun, Hüseynov German İsmayıl oğlunun və Əliyev Süleyman Adil oğlunun üzərinə həbs qoyulmuş əmlakları hesabına 53.480 manat pul tutularaq Novruz Zeynalova ödənilsin.

Sonradan həmin hissə apellyasiya məhkəməsi tərəfindən hökmdən çıxarılıb ki, Novruz Zeynalovun mülki iddiası olmayıb.

Bundan sonra Novruz Zeynalov Yasamal məhkəməsində qanuni qüvvəyə minmiş hökmlə səlahiyyətsiz hesab olunan “Kamran B.Ə” MMC-yə qarşı  2 noyabr 2017-ci ildə iddia qaldıraraq 50 kv.m qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınmasını xahiş edib. İddianın təmin olunmasına dair rayon məhkəməsinin qətnaməsini ləğv edən apellyasiya məhkəməsi nəticəyə gəlib ki, iddiaçının bağladığı müqavilə hökmlə “saxta müqavilə” olduğundan mülki hüquqda əhəmiyyətsiz əqd hesab olunmaqla tərəflər üçün heç bir hüquq və vəzifə yaratmır.

Mülki-Prosessual Məcəllənin 82.4-cü maddəsnə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin hadisəyə aidiyyəti hissəsində məcburidir.

Kassasiya Məhkəməsi Apellyasiya Məhkəməsinin mövqeyi ilə razılaşmış 28 mart 2019-cu il tarixli qərarla qətnaməni dəyişdirmədən saxlayıb.

Mübahisələndirilən müqavilə mənzillə əlaqədar deyil, 50 kv.metrlik qeyri-yaşayış sahəsi ilə əlaqədar olub. Müqaviləni 2008-ci ildə Novruz Zeynalov bağlayıb. Mübahisəli obyektin şəhid Sənan Axundova aid olmasına dair işdə heç bir sübut və sənəd yoxdur. 2016-cı ilin aprel döyüşlərində iddiaçının qızı Nəcibənin əri Sənan Axundov həlak olduqdan sonra Novruz Zeynalov müraciət edərək, həmin qeyri-yaşayış sahəsini şəhid kürəkəninin vəsaiti hesabına almasını bildirib.

Sənan Axundovun sağlığında məhkəmədə iddia qaldırması, qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair qərar qəbul edilməsinə nail olmasına dair göstərilənlər həqiqətə uyğun deyil. Belə bir iddia və məhkəmə qərarı olmayıb.

Məqalədə göstərilənlərin heç bir hüquqi əsası yoxdur.

Novruz Zeynalov hökmdən sonra məhkəmədə obyektin onun sahibliyinə verilməsinə dair 2017-ci ildə iddia qaldıran zaman obyekti şəhid kürəkəninin vəsaiti hesabına əldə etdiyini bildirib.

Sənan Axundovun adına müqavilə bağlanmamış, ona mənzil və ya qeyri-yaşayış sahəsi satılmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ