Dünyada tibb sahəsində ən çox müzakirə olunan məsələlərdən olan peyvəndlə bağlı fikir ayrılıqları mövcuddur. Bəzi valideynlər ümumiyyətlə peyvənd vurdurmağın əleyhinədir və bundan imtina edir.
Buta.media-nın məlumatına görə, AZXEBER.COM uşaqlara 2 ayında vurulmalı olan İnfanrix hexa peyvəndinin qiyməti haqqında araşdırma aparıb.
Maraqlısı odur ki, istehsal ölkəsi eyni - Fransa və Belçika olan peyvəndin qiyməti özəl klinikalarımizda fərqlidir.
Araşdırmadan o da məlum olub ki, bəzi klinikalarda peyvəndin qiymətinə pediatr müayinəsi aid olsa da, bəzilərində bunun üçün əlavə ödəniş də etmək lazım olur.
Medera Hospitalda – Adıçəkilən peyvəndin qiyməti 200 manatdır, bundan əlavə də pediatr qəbulu üçün 50-60 manat arası ödəniş etmək lazımdır. Digər pediatrlar tərəfindən gondəriş qəbul olunmur.
German Hospitalda – Fransa istehsalı olan peyvəndin vurulması ilə pediatr qəbulu ilə birlikdə 200 manatdır.
HB Güvən klinikasında – Peyvəndin qiyməti 215 manatdır. Pediatr Altay Abdullanın qəbulu isə 59 manat təşkil edir. Digər pediatr tərəfindən gondəriş qəbul olunmur.
Mərkəzi Gömrük Hospitalında – 225 manat olan peyvəndin qiymətinə pediatr qəbulu da daxildir. Yalnız doktor Telman Aytayevin müayinəsi ilə birlikdə peyvəndin qiyməti 250 manat olur.
Caspian İnternational Hospitaldan isə bildirilib ki, hazırda onlarda İnfanrix hexa peyvəndi yoxdur. Son qiymət isə 230 manat olub.
Mərkəzi Klinikadan da bildirilib ki, hazırda bu peyvənd yoxdur, qiyməti isə dəyişkəndir. Son dəfə klinikada peyvəndin qiyməti 230 manat olub.
Belə olan təqdirdə, ortaya sual çıxır: Bəs görəsən, valideynlər nəyə görə peyvənd üçün dövlət poliklinikalarını deyil, özəl xəstəxanaları seçir?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib ki, nazirlik özəl klinikalarda olan qiymət fərqinə nəzarət etmir: ”Özəl klinikalar sahibkarlara məxsus olan tibb ocağıdır. Biz orada olan qiymətə qarışa bilmərik. Ancaq mən deyə bilərəm ki, dövlət poliklinikalarında edilən peyvəndlər tamamilə pulsuzdur və dərmanların tərkibi eynidir. Poliklinikalara bu peyvəndlər Hindistandan gəlir. Bilirsiz ki, Hindistan bu sahədə qabaqcıl ölkələrdəndir və onların peyvəndində problem olmur. Əgər qiymətlər bahadırsa, valideynlər dövlət poliklinikalarında pulsuz peyvənd etdirsinlər".