Tahir İmanov: ATV və “Xəzər” telekanalları bizi sifarişlə təhqir edirdilər

2012-ci ildə ölkə başçısının ehtiyat fondundan Azərbaycan serialları üçün ayrılmış pullardan bizə gəlib çatmayıb.

Buta.media-nın məlumatına görə, bunu aktyor Tahir İmanov Oxu.Az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, “Space” TV “Planet Parni iz Baku”ya öz borcunu hələ də ödəməyib.

““Space” TV də öz ampluasında qalır. Mən heç o telekanala qayıtmaq da istəmirəm. Çünki bu telekanal əvvəlcə “Planet Parni iz Baku”ya öz borcunu ödəməlidir. 2012-ci ildə ölkə başçısının ehtiyat fondundan Azərbaycan serialları üçün ayrılmış pullardan bizə gəlib çatmayıb. O vaxt bizə “Bir kəndin sevinci” serialını çəkdirdilər, amma pulumuzu vermədilər. Dedilər ki, pulumuz yoxdur. Bu telekanal indiyədək bizə həmin pulu borcludur. Özü də bu borc devalvasiyadan əvvəlki kursladır.

Təxminən 70 min. Bizə ilk qadağanı da məhz “Space” telekanalı qoyub. O vaxt telekanalın rəhbəri Vaqif Mustafayev öz mövqeyini açıq-aydın bildirsəydi, başqalarının fikri ilə oturub-durmasaydı, heç bu gün belə xırda problem də işıq üzü görməzdi.

“Xəzər” TV, ümumiyyətlə, bizə yaxın gəlmir. Ölkə başçısı ilə dialoqumuza, demək olar ki, geniş yer ayırmadılar. “Lider” TV-də isə bizə əvvəldən qadağa var.

Bir şeyi də qeyd edim ki, həm ATV, həm də “Xəzər” telekanalları prezidentlə görüşdən əvvəl bizi təhqir edirdi. Sən demə, biz səviyyəsizik, tamaşalarımızın duzu yoxdur. Bu, onların mövqeyidir. Amma cənab prezidentin mövqeyini gördünüz. Tamamilə ayrı-ayrı mövqelərdir.

Onlar öz verilişlərində bizi sifarişlə təhqir edirdilər. Bu dörd ildə bizim çəkdiklərimizi Allah heç kimə göstərməsin. Hamı başımıza KVN-çi çıxmışdı. Deyirdilər, bunu belə etməlisiniz, müasir yumor aktyorları ilə ayaqlaşmalısınız. Onlara başa sala bilmirdim ki, biz zirvədəyik, ordan aşağı düşüb kiminləsə ayaqlaşmalı deyilik…” 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ