Xəzərdə batan şəhid oğlu və qazinin meyitləri tapıldı

Lökbatanda dəniz sahilində balıq tutarkən suda batan şəhid oğlunun meyiti tapılıb.

Buta.media FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 28-də Lökbatan ərazisində dəniz sahilində tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən şəxsləri  - 1992-ci il təvəllüdlü Allahverdiyev Nicat Hüseyn oğlunun cəsədi bu gün səhər saatlarında batdığı yerdən təxminən 200 metr aralıda, 1971-ci il təvəllüdlü Zöhrabov Sübhan Yədulla oğlunun meyiti batdığı yerdən təqribən 20 km aralıda aşkar edilib. 

Hər iki meyit FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində, 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub.

Onunla birgə dənizdə batan Sübhan Zöhrabov isə Vətən müharibəsi qazisidir.

Onların ikisi də Qaradağ rayon Lökbatan qəsəbə sakini olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ