Göydələn böyüklüyündə asteroidlər Yerə yaxınlaşır

Göydələn böyüklüyündə iki asteroid Yer kürəsinin yanından keçəcək.

Bu barədə “Science Alert” məlumat yayıb.

Qeyd edilir ki, səma cisimlərində biri bu gün, iyulun 29-da Yerə maksimal məsafədə yaxınlaşacaq, ikincisi isə şənbə günü, iyulun 30-da planetimizin yanından keçəcək.

2016 CZ31 adlı birinci asteroid saatda 55 618 kilometr sürətlə hərəkət edir. Astronomlar hesab edirlər ki, onun ən geniş nöqtəsində eni təqribən 122 metrdir və bu, təxminən 40 mərtəbəli binanın ölçüsünə bərabərdir. NASA-nın məlumatına görə, asteroid Yerdən təqribən 2,8 milyon kilometr məsafədən keçəcək, bu da Yerlə Ay arasındakı orta məsafədən yeddi dəfə çoxdur.

Şənbə günü, iyulun 30-da, ikinci, daha böyük asteroid planetimizə yaxınlaşacaq. 2013 CU83 adlanan bu asteroidin diametri təxminən 183 metrdir və Yerdən təxminən 6,9 milyon kilometr məsafədən keçəcək ki, bu da Yerlə Ay arasındakı orta məsafədən təxminən 18 dəfə çoxdur.

“Kosmik qaya” saatda 21168 kilometr sürətlə hərəkət edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ