Son aylarda bütün dünyada COVID-19 virusuna yoluxma hallarında ciddi artım var. Bu vəziyyət bizim ölkəmizə də təsirsiz keçmədi. Azərbaycanda da son həftələrdə yoluxma hallarında ciddi artım müşahidə edirik. Hazırda ölkəmizdə təşvişə səbəb olacaq vəziyyət yoxdur.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva deyib.
O qeyd edib ki, bütün epidemioloji vəziyyət sabitdir və nəzarət altındadır:
“Lakin həssas, risk qrupuna aid olan şəxslər özlərini qorumalıdırlar. Qapalı məkanlarda, kütləvi insanların toplandığı yerlərdə maskadan istifadə edilməsini, məsafənin saxlanılmasını və əl gigiyenasına əməl edilməsini tövsiyə edirik. Eyni zamanda koronavirusa qarşı 3-cü doza peyvənd vaxtları gələn şəxslərin payız ayları öncəsi vaksin vurdurması vacibdir”.
Qeyd edək ki, iyulun 27-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2289 doza vaksin vurulub.
Gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 464, ikinci doza vaksinlərin sayı 104, üç və daha çox doza vaksinlərin sayı 1440, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 281-dir.
Azərbaycanda vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 810 min 252, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 365 min 467, ikinci mərhələ üzrə 4 milyon 857 min 346, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 333 min 814-dür.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.