Britaniyada “apokalipsis”: yollar əriyir

Çərşənbə axşamı, iyulun 18-i, Britaniya tarixində ən isti gün olub. Hələ günorta saatlarından əvvəl Surreydə havanın temperaturu 39,1°C-yə çatıb və əvvəlki rekordu (2019-cu ildə Kembricdə 38,7°C) keçib. “BBC”nin məlumatına görə, daha sonra Hitrouda 40,2°C temperatur qeydə alınıb.

Sinoptiklər xəbərdarlıq edir ki, temperatur 42 dərəcəyə çata bilər. İngiltərənin cənub-şərq bölgələrində istilər xüsusilə hiss olunacaq.

Anomal istilər səbəbindən dəmir yolu nəqliyyatında fasilələr yaranıb. Qatarlar aşağı sürətlə hərəkət edir, çünki istidən relslər əyilə bilər. Ölkənin ən sıx dəmir yolu qovşaqlarından biri olan Londonun “Kinqs-Kross” vağzalı boşdur. “Guardian” xəbər verir ki, bir neçə dəmir yolu xətti və avtomobil yolları bağlanıb.

İyulun 18-də Londondan 48 kilometr aralıda yerləşən Luton hava limanı uçuş-enmə zolağının əriməsinə başladığı üçün bir neçə saatlıq bağlanıb. Britaniya HHQ-nin Oksfordşirdəki hava bazası da bağlanıb.

Bir çox müəssisə, o cümlədən xəstəxanalar kondisioner çatışmazlığı problemi ilə üzləşiblər. Onlarla məktəb bağlanıb, bəzi təhsil müəssisələri dərslərin sayını azaltmaq qərarına gəlib (İngiltərədə məktəblərdə yay tətili iyulun son həftəsində başlayır).

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ