Azərbaycada ilin əvvəlindən ölkə əhalisinin sayı 22781 nəfər və ya 0,2 faiz artaraq 2022-ci il iyun ayının 1-i vəziyyətinə 10179147 nəfərə çatıb.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə eyni olub.
Məlumatda həmçinin qeyd olunur ki, bu ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ölkə üzrə 50 239 doğulan körpə qeydə alıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,4-dən 12,1-ə qədər artıb.
Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52,9 faiz, qızların xüsusi çəkisi isə 47,1 faiz təşkil edib. Körpələr arasında əkiz doğulanların sayı 1 418, üçəm doğulanların sayı isə 75 olub.
Ölkədə cari ilin yanvar-may ayları ərzində 28 098 ölüm halı qeydə alınıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,7-dən 6,8-ə düşüb.