Məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi iddiası ilə bağlı - AÇIQLAMA

Baş Prokurorluq Lənkəranda məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi iddiası ilə bağlı açıqlama yayıb.

Baş Prokurorluğun məlumatında bildirilir ki, bəzi sosial şəbəkə və media səhifələrində Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı məlumatlar yayılıb.

“Qeyd edirik ki, qeyd edilən faktla bağlı dərhal Lənkəran rayon prokurorluğunda araşdırma başlanıb, hadisənin şahidi olmuş şəxslərin izahatları alınıb, məhkəmə-tibb ekspertizası təyin edilmiş və digər prosessual hərəkətlər yerinə yetirilib.

Qanunvericiliklə nəzərdə tutulmuş qısa müddət ərzində zəruri qərarların qəbul edilməsi və ictimaiyyətin məlumatlandırılması təmin ediləcək”, - açıqlamada deyilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev isə bildirib ki, həmin məsələ ilə bağlı 14 iyul tarixində Lənkəran Şəhər Rayon Polis Şöbəsinə daxil olmuş müraciət əsasında ilkin araşdırma aparılıb:

“Məhkəmə-tibbi ekspertizası təyin edilib və azyaşlı qız müvafiq qaydada müayinədən keçirilib. Araşdırmanın davam etdirilməsi və qərar qəbul edilməsindən ötrü 15 iyul tarixində toplanmış material aidiyatı üzrə Rayon Prokurorluğuna göndərilib. Hazırda Lənkəran Rayon Prokurorluğunda araşdırma davam etdirilir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ