İranda koronavirus pandemiyasının yeddinci dalğası başlayıb. Tasnim agentliyi xəbər verir ki, bu barədə İranın Səhiyyə naziri Bəhram Aynullahi məlumat verib.
“Mən dəfələrlə demişəm ki, koronavirusun bitdiyini düşünmək çox yanlışdır. Koronavirusla mübarizə sahəsində problem dünyanın bu xəstəliyə fərqli yanaşmasıdır. Hazırda bəzi Afrika ölkələrində peyvəndləmə dərəcəsi altı-səkkiz faiz təşkil edir və bu çox azdır”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, elə ölkələr var ki, orada düzgün peyvəndlənmə aparılmayıb və bu ölkələrdə insanların immuniteti aşağıdır.
Qeyd edək ki, iyulun 14-ü İranda koronavirusa 5234 yeni yoluxma qeydə alınıb, 8 nəfər isə dünyasını dəyişib. Bununla da, İranda pandemiya dövründə koronavirusa yoluxanların ümumi sayı 7 milyon 66 min 475-ə çatıb. 141 464 nəfər isə dünyasını dəyişib.