Aİ və Azərbaycan qazla bağlı saziş imzalamağa hazırlaşırlar

Avropa Komissiyası Aİ ölkələrinə təbii qaz idxalını artırmaq və Cənub Qaz Dəhlizinin genişləndirilməsini dəstəkləmək üçün Azərbaycanla müqavilə bağlamaq təklifini irəli sürüb.

Bu barədə Reuters məlumat yayıb.

Anlaşma memorandumunun layihəsi müvafiq hökumətlərin təsdiqini tələb edir və dəyişdirilə bilər.

Memorandumu müzakirə etmək üçün Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson iyulun sonunda Bakıya səfər etməyi planlaşdırır.

“Tərəflər kommersiya məqsədəuyğunluğu və bazar tələbatına uyğun olaraq 2027-ci ilə qədər Cənub Qaz Dəhlizi ilə hər il ən azı 20 milyard kubmetr qazın tədarükünü, o cümlədən ikitərəfli ticarəti dəstəkləməyi hədəfləyirlər”, - sənəddə deyilir. 

2022-ci ilin yanvar-may aylarında Azərbaycanda qaz hasilatı 19,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 15,3% çoxdur. 2021-ci ilin sonuna qaz hasilatı 18,1% artaraq 43,9 milyard kubmetr təşkil edib.

Bununla yanaşı, bu ilin ilk 5 ayı ərzində Azərbaycandan qaz ixracı 27% artaraq 9,4 milyard kubmetrə çatıb. Belə ki, qaz ixracının 48%-i Avropanın, 38%-i Türkiyənin, 14%-i Gürcüstanın payına düşüb.

Azərbaycan qazının Cənub Qaz Dəhlizi ilə Avropaya tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ