Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

Azərbaycan hərbçisinin ölümü ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Respublika Hərbi Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ağamalıyev Nurlan Elşən oğlunun ölüm faktı barədə 02 iyul 2022-ci il tarixdə Sumqayıt Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər zəruri hərəkətlər icra edilib.

Fakt üzrə Sumqayıt Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib. 

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ