Əlilliyin müəyyən olunması meyarları dəyişdirilir - Yeni qaydalar necə olacaq?

Hazırda qüvvədə olan əlilliyin müəyyən olunması meyarları ilə bağlı sənədə əsasən, 3 dərəcə əlillik müəyyən edilir. Gələn aydan qüvvəyə minəcək yeni əlillik meyarlarında isə yanaşma fərqlidir. 35-100 faiz aralığında orqanizm funksiyalarının pozulması ilə bağlı əlilliyin müəyyən olunması həyata keçiriləcək. 

Buta.media-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev “Qafqazinfo”ya müsahibəsində deyib.

O bildirib ki, tək yenilik qanunvericilikdə əlilliyə əsas verən bəndlərin sayının artırılması deyil:

“Yeni sənəddə bu say 4,4 dəfə artırılır. Bu o deməkdir ki, əvvəlki qanunvericilikdə əlillik alması mümkün olmayan insanlar yeni sənədlə əlillik əldə edə biləcəklər. Bu sənədin bir çox üstünlükləri var. İstənilən əlillik dərəcəsindən 15 il əlilliyi olan şəxslərə növbəti dəfə əlillik müddətsiz veriləcək. Məsələn, adam ola bilər ki, 5 il ikinci dərəcə əlil olub, 5 il üçüncü dərəcə olub, 5 il də sağlamlıq imkanları məhdud uşaq olub. İndiki sənədlə buna heç cür müddətsiz əlillik təyinatı aparmaq mümkün deyil. Yeni qanunvericilikdə isə 15 il fərqli dərəcələrdən olsa belə əlilliyi varsa, həmin şəxsə müddətsiz əlillik təyinatı aparılacaq”. 

Sabir Qocayev bəyan edib ki, indiyə qədər əlilliyi olan şəxslərdə təkrar yoxlama aparılmayacaq. Bundan sonra yeni müraciətlər yeni meyarlar əsasında qiymətləndiriləcək. 

“Həmçinin şəxsdə olan bir neçə diaqnoz əlillik təyinatında nəzərə alınacaq. Məsələn, A xəstəliyi üzrə şəxsə 40 faiz, B xəstəliyinə görə 80 faiz əlillik verilir. İndiki halda bunları birləşdirib daha ağır dərəcə vermək mümkün deyil. Yeni meyarlarda iki diaqnoz üzrə əlillik təyinatı aparmaq mümkün olursa, onlar birləşdirilir. Ən yüksək dərəcə 10 faiz artırılır, bu zaman ən yüksək müddət hansıdırsa, o seçilir. Həmçinin əlilliyin ən üstün səbəb əlaqəsi seçiləcək. Bu sənəd vətəndaşların sosial müdafiəsinə yönəlmiş sənəddir və müstəqillik tariximizdə ən böyük, əhatəli islahatdır”, - deyə o vurğulayıb. 

Şöbə müdirinin sözlərinə əsasən, hazırda 152 meyar var, yeni sənəddə isə bu daha genişdir, meyarların sayı 4 dəfədən çox artırılıb. Bir çox xəstəliklər əvvəlki qanunda yox idi deyə əlillik təyinatı aparıla bilinmirdi. Burada təxminən 650-700 ətrafında meyardan söhbət gedir. 

Sabir Qocayev həmçinin qeyd edib ki, ödənişlərlə bağlı aidiyyəti normativ hüquqi aktlara dəyişiklik edilməlidir. 

“Müvafiq maliyyə əsaslandırılmaları aparılmaqla hökumətə təkliflər hazırlanacaq ki, növbəti mərhələdə ödənişlər də differensiallaşdırılsın. Hazırda birinci qrup əlilliyi olan şəxslərə bütün ödənişlər - təqaüd, müavinət qulluq təqaüdü ilə birlikdə 430 manata yaxın ödəniş edilirsə, yeni meyarlarda bu dərəcəyə uyğun 4-5 addım olacaq. Yəni, 85-90-95-100 faiz. Bunlar ağırlıq dərəcəsinə görə fərqləndiriləcəklər. Növbəti mərhələdə ödənişlərin də faiz dərəcələrinə görə differensiallaşdırılması hazırlanaraq hökumətə təqdim ediləcək. 

İndi kimsə deyirsə, mənim 3-cü qrup əlilliyim var, bundan sonra deyəcək ki, mənim 35 faiz əlilliyim var və ya 40 faiz əlilliyim var. Bu sənəd dünyada olan təcrübə götürülməklə, Azərbaycanda reallıqları nəzərə almaqla hazırlanıb. Son 3 il ərzində üzərində iş aparılıb və 100-ə yaxın normativ hüquqi akta dəyişiklik edilib”, - deyə o bildirib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ