Ucqar kənd məktəbində Harvard nümunəsi

Balakənin Yeni Şərif kəndində şəhid Rauf Hədisov adına məktəb Azərbaycanda yeganə məktəbdir ki, şagirdlərinə 20 ildir ki, təqaüd proqramı keçirir.

Bu barədə Azərbaycanlar Universiteti məlumat paylaşıb.

"Balakənin Yeni Şərif kəndində şəhid Rauf Hədisov adına məktəb var. Məktəb baxımsız vəziyyətdə olsa da, Azərbaycanda yeganə məktəbdir ki, şagirdlərinə 20 ildir ki, təqaüd proqramı keçirir.

Ən maraqlısı isə, təqaüd proqramının təşkilatçısı məktəbin məzunlarıdır. Bəli, məzunlar hər il məktəbə ianələr göndərir, yerli bələdiyyə də ianələri toplayaraq kənd məktəbində təqaüd proqramı keçirir, qalib şagirdlərə həmin ianələrdən yığılan mükafatları verir. 

Qaliblərə ən əsas hədiyyə isə şəhid Rauf Hədisovun adına döş nişanıdır. Şagirdlər bunu qazanmaq üçün bilik mübarizəsi aparır.

Məzunlar bundan başqa məktəbə hər il kitablar göndərir, məktəbi müəyyən invertarlarla təchiz edir. 

Yerli bələdiyyə də boş dayanmır: Qalibləri gəzintiyə aparır, onlara müxtəlif hədiyyələr verir.

Çox gözəl bir inteqrasiya: Müəllimlər suallar hazırlayır, müsabiqə keçirilir, qaliblər müəyyən olunur, bələdiyyə onları gəzintiə aparır, məktəbin məzunları isə onlara pul mükafatları verir.

Həyatda heç nə səbəbsiz deyil. Əsrlər öncə Harvard Universiteti də belə yaranmışdı. Con Harvard adlı ingilis xeyriyyəçisi öz mülkünün yarısını və kitabxanasının 400 kitabını yeni yaranmış çox kiçik bir təhsil müəssisəsinə vermişdi. İndi həmin kiçik yer dünyanın ən qədim və ən yaxşı universiteti - Harvard Universiteti, onun kitabxanası isə qitənin ən kütləvi kitabxanasına çevrildi.

İnanırıq ki, bir gün şəhid Rauf Hədisov adına Yeni Şərif kənd məktəbi ölkənin adlı sanlı məktəblərindən birinə çevriləcək".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ