Almaniya kansleri Olaf Şolz, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Mario Draqi Ukraynaya səfəri zamanı həmkarları Volodimir Zelenskiyə gizli tələblər irəli sürüblər.
Bu barədə Almaniyanın “Die Welt” qəzeti yazıb.
“Bağlı qapılar arxasında”
Kiyevə səfər edən Şolz, Makron və Draqi Ukraynaya Avropa Birliyinə namizəd üzv statusunun verilməsinin lehinə danışıblar. Nəşr iddia edir ki, dəstək müqabilində Avropa liderləri Zelenskini Rusiya ilə dialoqu bərpa etməyə və Vladimir Putinlə danışıqları təşkil etməyə çağırıblar.
Üç Avropa ölkəsinin Ukraynada gedən müharibəyə görə üzləşdikləri qitisadi böhran getdikcə güclənir. “İqtisadi artım azalıb, inflyasiya rekord həddə çatıb”, - “Die Welt” yazır.
Bundan əvvəl Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Viktor Andrusiv Avropa ölkələrinin liderlərinin Ukraynaya səfərinin məqsədini açıqlayıb. Onun sözlərinə görə, “Makron, Şolz və Draqi bizə Aİ-nin namizədliyini və (...) Putinlə danışıqlar prosesinə qayıtmaq tələbini gətirir”.
Şəxsi motivlər
“Die Welt”in yazdığına görə, Avropa liderlərinin hər biri Kiyevə öz xahişləri ilə gəlib. Son həftələr “praqmatik”ə çevrilən Makron “mövqeyini aydınlaşdırmağa” çalışıb. Onu daha çox münaqişənin nəticələrindən sonra ölkənin bütövlüyü yox, Ukrayna böhranının başa çatması maraqlandırır.
Makron kimi Draqi üçün də böhranın mümkün qədər tez başa çatması vacibdir. İtaliyada vəziyyət getdikcə daha xoşagəlməz hala gəlir: iqtisadiyyatın məhsuldarlığı münaqişə səbəbindən bərpa olunmasa, ölkənin sabitliyi təhlükə altında olacaq.
Draqi, Kiyevdəki danışıqlarda Romanın Avropa Birliyinin aparıcı simalarından biri olaraq göstərməyə çalışıb.
Qeyd edək ki, iyunun 16-da Zelenski Kiyevdə Avropa ölkələrinin liderləri ilə görüşüb. Almaniya, Fransa və İtaliya nümayəndələrindən başqa, Rumıniya prezidenti Klaus İohannis də Ukrayna paytaxtına gəlib. Görüşə hazırlıq bir neçə həftə çəkib.