Dünən Kəlbəcər rayonunda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bədbəxt hadisə nəticəsində vəfat edən əsgər Riyad Əliyarovun görüntüləri yayılıb.
“Qafqazinfo” xəbər verir ki, 2003-cü ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olan və burada doğulub boya-başa çatan Riyad Əliyarov bu ilin oktyabrında tərxis olunacaqmış.
Bildirilir ki, 15 ayın əsgəri olan Riyad mühəndis-istehkam bölməsində xidmət edirmiş.
Yaxınlarının bildirdiyinə görə, Riyad yaşadığı ərazidə və əsgər yoldaşları arasında həvəskar meyxanaçı kimi tanınıb.
Qeyd edək ki, bədbəxt hadisə dünən saat 16:30-da Çopurlu kəndi yaxınlığında baş verib. Belə ki, hərbi hissənin ərazisində 2003-cü il təvəllüdlü əsgər Əliyarov Riyad Məmməd oğlu yüksək gərginlikli cərəyan vurması nəticəsində vəfat edib.
10:15
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlunun 13 iyun 2022-ci il tarixdə Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.
Bu barədə Hərbi Prokurorluqdan Buta.media-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri hərəkətlər icra edilib:
“Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin olunacaq”.
Qurumdan qeyd edilib ki, Hərbi Prokurorluğun rəhbərliyi səbəbindən asılı olmayaraq, istənilən ölüm faktının araşdırılmasını nəzarətə götürür və hərtərəfli, tam və obyektiv araşdırma aparılması təmin olunur.