Suriyada vəziyyət gərginləşir - ABŞ qoşunlarını Türkiyə ilə sərhədə göndərdi

Türkiyənin bölgədə PKK terrorçularına qarşı yeni hərbi əməliyyatlara başlamağa hazırlaşdığı bir vaxtda ABŞ Suriyanın şimalına qoşun yeridir. Bölgədə çalışan xarici jurnalistlər dünən ABŞ hərbi konvoylarının Türkiyə ilə həmsərhəd olan Hasake bölgəsinə daxil olması barədə məlumat yayıblar.

Amerika əsgərlərinin hətta Türkiyə ilə sərhəddən cəmi 3 kilometr aralıda, Qamışlı şəhəri ətrafındakı kəndlərdən birində kürd yaraqlıları ilə birlikdə patrul apardıqları zaman görüntüləniblər. Hasake bölgəsinin bir hissəsi Suriya rejiminin nəzarəti altındadır, Qamışlıda isə Rusiya aviabazası yerləşir. Bu yaxınlarda ora əlavə qoşun, döyüş təyyarələri və helikopterlər göndərilib.

Qeyd edək ki, ABŞ qoşunları 2019-cu ildə Suriyanın şimalından çıxarılıb. Lakin bu il mayın ortalarında onlar Suriya Demokratik Qüvvələrinin nəzarətində olan ərazilərdəki bazalarına qayıdıblar. ABŞ Türkiyənin Suriyadakı yeni hərbi əməliyyatına qarşıdır. Birləşmiş Ştatlarda hesab edirlər ki,  əməliyyat regiona qayıdan ABŞ qoşunları ilə  konfrontasiya riski artırır.

Eyni zamanda Suriya ordusu kürdlərin nəzarətində olan ərazilərdə əlavə qüvvələr cəmləşdirir. Suriya ordusunun onlarla tankı və minlərlə əsgəri ötən gün Mənbiçə daxil olaraq Türkiyə ordusunun mövqelərindən təxminən 10 kilometr aralıda mövqe tutub.

Türkiyə Tel Rifat və Mənbiç bölgələrini PKK-ya bağlı terror qruplaşmalarından təmizləmək məqsədi həyata keçirəcəyi hərbi əməliyyat üçün bütün hazırlıqları tamamladığını bildirib. Əməliyyatda 25 min türk əsgəri, yüzlərlə tank və digər zirehli texnika, həmçinin Ankaranın dəstəklədiyi Suriya müxalifət qüvvələrinin minlərlə əsgəri iştirak edəcək. Artıq Türkiyə ordusunun bölmələri və Suriya Milli Ordusunun hansı istiqamətlərdən hücuma keçəcəyi və ilk növbədə hansı əraziləri nəzarətə götürəcəkləri müəyyənləşib.

Bundan əvvəl Türkiyə və Rusiya Mənbiç və Tel Rifatı tərk etmək üçün kürdlərə 72 saat vaxt verilməsi ilə bağlı razılığa gəliblər. Lakin ayrılan vaxtın başa çatmasına baxmayaraq, kürdlər öz yerlərində qalıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ