Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəzaya düşən avtobusun Bakının Günəşli massivində yerləşən 279 nömrəli məktəbin müəllim və şagird heyəti olduğu bildirilir.
"Bakı-Şamaxı yolunda paytaxtın 279 saylı tam orta məktəbin müəllim və şagird heyətinin düşdüyü qəza nəticəsində xəsarət alan 11 nəfər Şamaxı Mərkəzi Xəstəxanasına daxil olub". - bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova deyib.
Onun sözlərinə görə, 10 nəfərə ilkin təcili tibb yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. Vəziyyəti ağır olan 1 nəfər bud-çanaq oynağının sınığı diaqnozu ilə Bakıya göndərilib.
2 nəfər orta ağır vəziyyətdə Qobustan Mərkəzi Xəstəxanasına daxil olub, oradan isə Bakıya göndərilib. Onlardan birinə bazı sümüyü cisminin sınığı, digərinə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozu qoyulub.