“Nə tibb bacılarının, nə də aptek satıcısının məsləhəti ilə uşaqlara antibiotik vurmaq olmaz. Bu, böyük bir bəladır”.
Buta.media-nın məlumatına görə, bu sözləri tanınmış pediatr Vaqif Qarayev son vaxtlar mətbuatda antibiotikdən istifadə ilə bağlı gedən müzakirələrə fikir bildirərkən səsləndirib.
Musavat.com-a danışan pediatr valideynlərə səslənərək qeyd edib ki, antibiotiki ancaq həkim təyin edə bilər: “Nə tibb bacılarının, nə də aptek satıcısının məsləhəti ilə uşaqlara antibiotik vurmaq olmaz. Xəstəlik törədiciləri müxtəlifdir. Orada viruslar, bakteriyalar var. Virusa heç bir halda antibiotik təsir etmir. Əksinə, virus infeksiyasında antibiotik təyinatı xəstənin vəziyyətini daha da ağırlaşdırır.
Bu səbəbən yalnız həkim hansı antibiotikin vacib olduğunu deyə bilər. Antibiotik sözünün mənası “həyatın əleyhinə” deməkdir. Yəni xəstəlik törədici bakteriyanın əleyhinə olan, onu öldürən bir vasitədir. Ancaq antibiotiki yersiz təyin edəndə, o xəstənin ümumi müqavimətini daha da azaldır. Müqaviməti azalmış virus infeksiyalı xəstəyə bakterial infeksiya da qoşulur. Bakteriya tamam başqa qrupdan olan xəstəlik törədicisidir. Bakteriya varsa, artıq antibiotiksiz keçinmək olmaz. Xəstənin vəziyyəti daha da ağırlaşa bilər.
Tibbin tələbinə görə, həkim müayinə etdikdən sonra, antibiotik təyin edə bilər. Ancaq tibb bacısının, aptek satıcısının bu imkanı yoxdur. Son bir neçə ayda Azərbaycanda 3 növ virus geniş yayılmışdı, uşaqlarda qızdırma halları və sair artmışdı. Ancaq özbaşına antibiotik təyin etməklə xəstənin vəziyyətini ya daha da ağırlaşdıra bilərsiniz, ya da anafilaktik şok keçirməsinə səbəb olarsınız”.
Pediatrın sözlərinə görə, allergiya vermək baxımından ən təhlükəli iynə pensilin qrupudur: “Pensilin icad olunan ilk antibiotikdir və vaxtilə milyonlarla insanları ölümdən qurtarıb. Bu antibiotikin allergik təsiri həddindən artıq yüksəkdir. Sovet dönəmində dəri içi sınaq qoyulurdu. Əgər müəyyən müddət ərzində dəridə səpki olsa, bu antibiotik həmin şəxsə yararsız və təhlükəli hesab olunurdu. Ancaq bu sınağı dərialtı etmək olmaz, qızara, şişkinlik yarada bilər”.
V.Qarayev vurğuladı ki, indi həkimlər iki qrupa bölünüb, sınaq tərəfdarları və əleyhdarları: “Əgər orqanizm allergikdirsə, o sınaq mütləq müsbət nəticə verəcək, bəzən isə verməyə də bilər. Sınaq xəstəxana şəraitində peşəkar həkim tərəfindən qoyulmalıdır. Nəticəyə də yalnız həkim qərar verə bilər. Adətən həkimlər sınaq üçün dərmanın çox az bir qismini dəri altına yeridirlər, 20-25 dəqiqə gözləyirlər ki, allergiya verərəcək , ya yox. Şəxsin allergiyası barədə məlumatları da məhz həkim toplayır, ola bilər ki, yumurtaya qarşı allergiyası olan uşağın antibiotikə qarşı allergiyası olmasın. Ancaq xoşagəlməz nəticə alınanda, xəstədə güclü şok baş verəndə, ona kömək edən yalnız həkim ola bilər. Başqa heç kim kömək edə bilməz. Şok əleyhinə xüsusi dərmanları da həkim tətbiq edə bilər”.
Vaqif Qarayev vurğuladı ki, əgər xəstədə şok baş veribsə və yanında həkim yoxdursa, onun həyatını xilas etmək mümkünsüzdür: “Antibiotikdən yaranan şoka anafilaktik şok deyirlər, dərman anafilaktik şoku. Buna ildırımvari şok da deyirlər. Tibbdə “iynədə şok” ifadəsi var. Xəstənin hansısa dərmana allergiyası varsa, həkim o dərmanı şprisə yığanda artıq xəstə şoka düşür.
Ya da iynə qorxusundan şoka düşür. Bir neçə dəqiqə ərzində xəstənin arterial təzyiqi sıfıra düşür. Əgər həmin dəqiqə yanında həkim varsa, onun əlinin altında şok əleyhinə preparatlar varsa, o zaman xəstə bəlkə şokdan çıxa bilər. Əks halda, şokdan çıxmayacaq. Bu baxımdan hər yerdə tələb var ki, antibiotiklərin inyeksion forması professional şəkildə, həkim nəzarəti altında vurulmalıdır. Amma indi sirop şəklində antibiotiklər də var. Bunu da həkim təyin etməlidir. Türkiyədə həkim resepti olmadan antibiotik satılmır. Bu təcrübənin ölkəmizdə də tətbiq olunmasını istərdim”.