Mayın 12-də Xızıda üç nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumatda bildirilir ki, hadisə səhər saat 09 radələrində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xızı rayonu ərazisindən keçən 69-cu kilometrliyində paytaxt istiqamətində qeydə alınıb.
Qəza nəticəsində hərəkətdə olan Xızı rayon sakini, 1991-ci il təvəllüdlü Qasımov Orxan Heydər oğlunun idarə etdiyi VAZ-2106 markalı, 10-BP-326 dövlət qeydiyyat nişanlı avtomobil ilə onunla əks istiqamətdə hərəkətdə olan, Rusiya Federasiyasının vətəndaşı Maqomed Abdulmecidovun idarə etdiyi DAF markalı, T 706ME05 qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Nəticədə, VAZ-2106 markalı avtomobilin sürücüsü O.Qasımov, eləcə də sərnişinləri - Xızı rayon sakini, 1991-ci il təvəllüdlü Xudabaxışov Pərviz Nurəddin oğlu və onun iki aylıq qızı Xudabaxışlı Mədinə Pərviz qızı hadisə yerində ölüb, avtomobildə olan digər sərnişinlər - 1964-cü il təvəllüdlü Vəsxanım Xudabaxışova və 1998-ci il təvəllüdlü Əfsanə Xudabaxışova isə xəsarət alıblar. Yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.