Paşinyanın Qarabağla bağlı etirafı - Müxalifət parlamenti tərk etdi - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətin Qarabağla bağlı danışıqlar prosesini uğursuzluğa düçar etməsi ilə bağlı ittihamlarına sərt cavab verib.

Buta.media-nın xəbərinə görə, Ermənistan parlamentində iclas zamanı müxalif deputat Armen Rüstəmyan hökumətin istefası ilə bağlı tələbi oxuyub.

Səbəblər arasında o hazırki hökumətin Azərbaycanla danışıqlarda uğursuzluğa məruz qalmasını göstərib.

Nikol Paşinyan isə öz növbəsində danışıqlar prosesini eks-prezident Serj Sarqsyanın uğursuzluğa düçar etdiyini bildirib. O, Ermənistanın üçüncü prezidentinin Qarabağ məsələsinin dinc yolla həllinə ümid etməməklə bağlı sözlərini xatırladıb.

“Üçüncü prezident deyirdi ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid etmək lazım deyil. 2020-ci ilin 27 sentyabrında  - hərbi əməliyyatların başladığı gün parlament tribunasından müharibənin hansı şərtlər daxilində dayandırılacağını açıqladım. Bu şərt Qarabağın Azərbaycanın tərkibində olması idi. Siz hədəflərdən danışırsınız”, - baş nazir xatırladıb.

Paşinyan həmçinin qeyd edib ki, “Daşnaksütun” Partiyası koalisiyada olan zaman Ermənistan danışıqların Madrid prinsipləri əsasında aparılmasına razılaşmışdı. 
“Məhz həmin vaxt siz Qarabağın Azərbaycanın tərkibində olduğunu tanıdınız”, - deyə o bildirib.

Paşinyanın açıq etirafı müxalif deputatları qəzəbləndirib. Onlar baş naziri məsuliyyəti keçmiş rəhbərliyin üzərinə atmaqda günahlandırıblar. Bu zaman parlamentdə səs-küy yaranıb, deputatlar bir-birinə replika atmağa başlayıblar. Nikol Paşinyan müxalifətin onun əks-arqumentlərini dinləmək istəmədiyini bildirdikdə isə müxalif deputatlar parlament zalını tərk ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ