İlham Əliyev böyük siyasi dəyişikliklərin anonsunu verdi

Bu gün AzərTac prezident İlham Əliyevin Novruz bayramı münasibəti ilə Azərbaycan xalqına təbrikinin mətnini yayıb.  

 

Buta.media-nın məluamtına görə, prezident bu təbrik nitqində Azərbaycanda həyata keçirilən son islahatlardan danışıb.  
 
Eyni zamanda bəyan edib ki, ölkəni daha dərin, bütün sahələri, o cümlədən siyasi sahəni əhatə edən islahatlar gözləyir. İlham Əliyevin bildirdiyinə görə artıq həmin islahatlar paketinin hazırlanmasına dair göstərişlər verilib. 
 
Prezidentin təbrik nitqinin tam mətini təqdim edirik:
 
"Əziz həmvətənlər, mən sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Novruz bayramı xalqımızın sevimli bayramıdır. Əsrlər boyu Azərbaycan xalqı Novruz bayramını qeyd edir. Bu bayramı biz yaxşı nəticələrlə qarşılayırıq. Azərbaycan uğurla və hərtərəfli inkişaf edir. Qarşıda duran bütün vəzifələr icra edilir. Azərbaycan dövləti dərin milli-mənəvi köklər üzərində qurulubdur. Novruz bayramı bizim milli sərvətimizdir. 
  
Keçən Novruz bayramından ötən dövr ərzində bir çox önəmli hadisələr baş vermişdir. Aprel ayında prezident seçkiləri keçirilmişdir və Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir, böyük dəstək göstərmişdir. Bu dəstəyə və inama görə doğma xalqıma minnətdaram. Mən bu dəstəyi son illər ərzində görülmüş işlərə verilən qiymət kimi qəbul edirəm, eyni zamanda, prezident seçkiləri ərəfəsində elan edilmiş islahatların yeni mərhələsinə göstərilən dəstək kimi qəbul edirəm. Prezident seçkilərindən sonra genişmiqyaslı islahatlar aparılmağa başlanmışdır. Bu islahatların nəticələrini Azərbaycan xalqı artıq görür və bundan sonra da görəcəkdir.
 
Münaqişənin həllinə gəldikdə, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim tarixi diyarımızdır və münaqişənin tezliklə həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında olmalıdır. Bilirsiniz ki, Ermənistan tərəfi danışıqlar formatının dəyişdirilməsi ilə bağlı məsələlər qaldırıb. Ancaq təbii ki, Azərbaycan bunu qəbul edə bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədr ölkələrinin səfirləri - Amerika, Fransa, Rusiyanın nümayəndələri ciddi bəyanat verərək bildirdilər ki, format dəyişməz olaraq qalmalıdır. Həmçinin Avropa İttifaqının yüksək vəzifəli şəxsləri oxşar bəyanatla çıxış etmişlər. Yəni, bu, Ermənistana birmənalı ciddi siqnaldır, eyni zamanda, onu göstərir ki, Azərbaycanın mövqeyi daha da böyük dəstək qazanır.
 
Münaqişənin həlli regionda sülhün, sabitliyin təmin olunmasına gətirib çıxaracaq. Əlbəttə, Azərbaycan çalışır və çalışacaq ki, bu məsələ tezliklə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapsın.
  
Bizim iqtisadi gücümüz artdıqca sosial məsələlər daha da geniş miqyasda öz həllini tapacaqdır. İqtisadi artım isə göz qabağındadır. Bu ilin iki ayında ümumi daxili məhsul 3 faiz artmışdır. Bu, son illər ərzində ən yüksək göstəricidir. Sənaye istehsalı 4,6 faiz artmışdır. Bu da yaxşı göstəricidir. Ancaq ən böyük artım qeyri-neft sektorunda sənaye istehsalına aiddir. Burada artım 15,5 faizdir. Hesab edirəm ki, bu, dünya rekordudur və son illər ərzində aparılan düşünülmüş ciddi iqtisadi islahatlar siyasətinin nəticəsidir.
 
İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir.
 
Mən tam əminəm ki, bu ili biz uğurla başa vuracağıq. Bundan sonra Azərbaycan yalnız və yalnız inkişaf və tərəqqi yolu ilə gedəcək, vətəndaşların sosial vəziyyəti ildən-ilə yaxşılaşacaq".

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ