Türkiyə, Yunanıstan və Maldiv adaları ən populyar səyahət istiqamətləri arasında ilk 3-lükdədir. Bu barədə “Travel Daily News” Almaniyanın “Holidu” tətil icarəsi bronlaşdırma xidmətinin araşdırmasına istinadən yazır.
Beləliklə, son 12 ay ərzində 102 mindən çox rezervasiya edilən Türkiyə 2022-ci ilin ən populyar tətil ölkəsi seçilib. Eyni zamanda turistlər təkcə kurort şəhərləri olan Antalya və Bodrumla yanaşı, İstanbul və Kapadokyaya da maraq göstəriblər.
İkinci yerdə Yunanıstan qərarlaşıb - 89,8 min səyahətçi orada yaşamaq imkanı axtarırdı. Üçüncü yeri Maldiv adaları tutub - adaları 83,7 min dəfə bron edilib.
Daha sonra İspaniya, Tayland və Kipr yerləşir. İlk 10-luğa həmçinin Malta (48,5 min sorğu), Meksika (48,4 min), İtaliya (45,4 min) və İslandiya (44,6 min) daxildir.
Bundan əvvəl Rusiya Turoperatorları Assosiasiyasının icraçı direktoru Maya Lomidze Türkiyəni 2021-ci ildə yerli səyahətçilər arasında ən populyar xarici ölkə adlandırmışdı. İlkin hesablamalara görə, ötən il ölkəyə 4,6 milyon rusiyalı səfər edib.