Almaniyanın "Rheinmetall" konserni Ukraynaya 50-dək işlənmiş Leopard 1 tankı tədarük etmək niyyətindədir, DW Handelsblatt qəzetinə istinadən yazır.
Söhbət müxtəlif ölkələrin ordularının ehtiyatlarından olan tanklardan gedir. İndi konsern onların vəziyyətini qiymətləndirir.
Nəşrin məlumatına görə, tədarüklər altı həftəyə başlaya və təxminən üç ay çəkə bilər. Konsern bildirib ki, peşəkar əsgərlərə tankı idarə etməyi öyrənmək üçün cəmi bir neçə gün lazım olacaq.
Tankların Ukraynaya göndərilməsi üçün Almaniya hakimiyyətinin icazəsi lazımdır. Aprelin 11-də Almaniyanın xarici işlər naziri Annalena Burbok Ukraynanın ağır silahlara ehtiyacı olduğunu və indi ona hərbi yardım göstərmək baxımından “bəhanə üçün vaxt olmadığını” söylədi.
Ukrayna hakimiyyəti dəfələrlə Rusiyanın təcavüzünə qarşı ağır silahların, o cümlədən tankların tədarükünə ehtiyac olduğunu bəyan edib.