NATO-da Rusiya görə ayrılıq yarandı

“The New York Times” yüksək rütbəli Qərb rəsmilərinə istinadən yazır ki, NATO-ya üzv ölkələr Ukraynada davam edən müharibə kontekstində Rusiyaya qarşı gələcək siyasətlə bağlı fikir ayrılığına malikdirlər.

Belə ki, nəşrə görə, Baltikyanı ölkələr və Polşa Moskva ilə münasibətlərin tamamilə kəsilməsində və Rusiyanı “diz çökdürəcək” tədbirlərdə israrlıdır. Onlar Rusiyanın qələbə kimi təqdim edə biləcəyi hər şeyin Avropa təhlükəsizliyinə ciddi ziyan vuracağından ehtiyat edirlər.

Eyni zamanda, Fransa, Almaniya və Türkiyə Rusiya ordusuna qarşı hərbi cinayət iddialarına baxmayaraq, Vladimir Putinlə əlaqələri davam etdirmək istəyirlər.

Aprelin 6-7-də Brüsseldə NATO xarici işlər nazirlərinin toplantısı keçirilir. Böyük Britaniyanın xarici işlər naziri Liz Truss bildirib ki, Rusiya ilə NATO arasında əməkdaşlığa dair təsis aktı indi əhəmiyyətsizdir, “onun günləri bitib”.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq müharibə zonasındakı vəziyyəti şərh edərək, Ukraynadakı müharibənin “kritik mərhələyə” daxil olduğunu bildirib. Şimali Atlantika Alyansına görə, Rusiya Donbası fəth etməyə və Krıma quru dəhlizi yaratmağa hazırlaşır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ