Biz buna dözə bilmərik - Almaniya onlarla rusiyalı diplomatı ölkədən çıxarır

Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Berlindəki səfirliyinin 40 əməkdaşını “persona non-qrata” elan edərək onları ölkə ərazisini tərk etməyə məcbur edib.

Buta.media-nın xəbərinə görə, bu barədə Focus xəbər portalı məlumat yayıb.

Almaniya XİN-nin saytında qurumun rəhbəri Annalena Berbokun bəyanatı yerləşdirilib. XİN başçısı qeyd edir ki, ölkədən çıxarılan diplomatlar “hər gün alman xalqının azadlığı və birliyinə qarşı işləyirdilər”. 

“Sizin işiniz bizdən kömək istəyənlər üçün təhlükə yaradır. Biz buna artıq dözə bilmərik”, - deyə o Rusiya səfirliyinə müraciət edib.

“Buçadan olan fotolar Rusiya rəhbərliyinin və onun təbliğatını aparanların inanılmaz qəddarlığının sübutudur. Biz işğal altında olan Ukraynanın digər şəhərlərində belə hadisələrin baş verməsindən qorxmalıyıq”, - Almaniya XİN başçısı əlavə edib.

Almaniya hökumətinin qərarı şəxsən Rusiya səfirinə təqdim olunub. Bundan əlavə Berbok söz verib ki, “Berlin Moskvaya qarşı mövcud sanksiyaları daha da sərtləşdirəcək, Ukraynaya hərbi yardımı artıracaq və NATO-nun şərq cinahını gücləndirəcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ