Si Cinpin: Çin və Azərbaycan bir-birinə kömək edir və bir-birini dəstəkləyir

Çin ilə Azərbaycan dostluğun və əməkdaşlığın ənənəvi tərəfdaşlarıdırlar.

Buta.media xəbər verir ki, bu, Çin Xalq Respublikasının Sədri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda öz əksini tapıb.

“Çin-Azərbaycan münasibətləri 30 il ərzində inkişafın sağlam və sabit dinamikasını saxlayır, siyasi qarşılıqlı etimad davamlı surətdə dərinləşir və bütün sahələrdə əməkdaşlıq fəal şəkildə irəliləyir, hər iki ölkə regional və beynəlxalq səviyyələrdə sıx qarşılıqlı fəaliyyət göstərir. COVID-19 pandemiyasının yaranmasından sonra Çin və Azərbaycan bir-birinə kömək edir və bir-birini dəstəkləyir, çətinliklərin öhdəsindən gəlmək üçün səylərini birləşdirir ki, bu da bizim xalqlar arasında ənənəvi dostluğu nümayiş etdirir.

Mən ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm və Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bildirirəm ki, Çin-Azərbaycan münasibətlərində, ölkələrimizin və xalqlarımızın rifahı naminə müxtəlif sahələrdə əməkdaşlıqda yeni uğurlara nail olmaq üçün Sizinlə birlikdə səy göstərməyə hazıram”, - məktubda qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ