Azərbaycanlı ailəyə işgəncə verən rusiyalı polislər cərimələndilər

Avropa İnsan Hüquqları Məhkəməsi Moskvada yaşayan Murad Rəhimov və onun atası Firudun Rəhimova 2016-cı ildə Rusiya güc strukturlarının əməkdaşları tərəfindən işgəncəyə məruz qaldıqlarına görə hər birinə 26 min avro təzminat təyin edib.

Buta.media-nın “Novaya qazeta”ya istinadən xəbərinə görə, bu barədə “İşgəncələrə qarşı komitə” məlumat yayıb.

AİHM Rusiya hökumətini insan haqlarının müdafiəsi ilə bağlı Avropa konvensiyasının 3-cü maddəsini pozmaqda təqsirli bilib. Məhkəmə həmçinin Rusiyada aparılan istintaqın effektsiz, Muradın narkotik işi ilə bağlı həbsini qanunsuz olduğunu hesab edib.

Nəşr xatırladır ki, 2016-cı ildə Moskvada güc strukturlarının əməkdaşları Rəhimovların evinə gələrək narkotik vasitələrin yayılması və 22 yaşlı tələbə Muradın suriyalı döyüşçülərlə əlaqədə olması ilə bağlı axtarışlar aparıblar. Bu zaman evdə Muradın atası, anası və bacısı da olub. Ailə üzvlərinin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə saat Murada işgəncə veriblər: onu paketlə boğurdular, stolun ayağı, qab və elektroşokerlə döyürdülər. Onlardan biri Muradın ayağına desant bıçağı ilə zərbə endirib. Firudin Rəhimova isə qonşu otaqda elektroşokerlə işgəncə verirdilər. Ailə deyir ki, sonda Muradın üstünə narkotik atdılar.

Həkim müayinəsindən sonra Muradın bədənində yaralar və hematomalar qeydə alınıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları iddia edirdilər ki, Rəhimov “müqavimət göstərib” və bu səbəbdən onlar güc tətbiq ediblər. Bununla belə güc strukturlarının hər bir əməkdaşı ayrıca bəyan edib ki, Muradı o, vurmayıb. Ayağından yaranı isə guya Murad güzgü qırığının üstünə çıxarkən alıb.

Murad Rəhimov narkotiklərin saxlanması maddəsi ilə ittiham olunaraq üç il yarım müddətinə azadlıqdan məhrum edilib. Rəhimov artıq azadlıqdadır, güc strukturlarının əməkdaşlarına qarşı isə heç bir istintaq aparılmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ