Məktəblilərə paylanan qrafalı vərəqə internet platformalarında onlayn şəbəkə oyunlarında komanda formalaşdırmaq məqsədilə təşkil olunub.
DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, iki azyaşlı tərəfindən onlayn oyuna çoxsaylı oyunçu təşviq etmək üçün vərəqələr 25 məktəbliyə verilib.
Polis əməkdaşları tərəfindən bütün xüsuslar tam və hərtərəfli araşdırılıb və yoxlanılıb. İş üzrə əməldə ictimai təhlükəli hal aşkar olunmayıb, kriminal tərkib yoxdur.
E.Hacıyev valideynlərə tövsiyə edib ki, övladlarının internetdə maraqlandıqları şəbəkə oyunlarına diqqətlə yanaşsınlar, onların hansısa ictimai təhlükəli əməllərə sövq edilmə riski var:
“Valideynlər bilməlidir ki, internet təkcə faydalı informasiya aləti deyil, həm də kiber təhlükə, risk və təhdidlərin mövcud olduğu qlobal məkandır. İnternet resurslarında istənilən yalanın həqiqət formasında təbliğatı azyaşlıları naməlum şifrəli, təhlükəli “əmr”lərin icraçısına çevirməsi ehtimalı var. Heç bir valideyn düşünməsin ki, “mənim övladım bunu etməz”. Uşaqlara nəzarət dövrün əsas qaydası yox, tələbidir. Bu, təkcə məktəbin, müəllimin işi yox, cəmiyyətin hər bir üzvünün qayğısı və məsuliyyəti olmalıdır”.
Xatırladaq ki, ötən gün Bakı şəhəri 210 nömrəli tam orta məktəbdə oxuyan şagirdə üzərində bir oyunun loqosu əks olunan və mobil nömrə yazılan kağızlar verilib.
“Bu gün 5-ci sinifdə oxuyan qızıma və onun sinif yoldaşlarına, böyük siniflərdən iki qız uşağı yaxınlaşaraq belə bir vərəq veriblər. Vərəqin bir üzünə mobil nömrə qoyulub, digər üzündə isə bir oyunun loqosu əks olunub. Və rusca “mənə yaz” sözləri yazılıb. Bu oyunu quql üzərində araşdırdım, dünyada geniş yayılıb və uşaqlar arasında intihar edənlər belə olub. Nömrəyə bir neçə dəfə zəng vurduq, səsimizi eşidib söndürürlər”, Nurlan Mirəli adlı vətəndaş feysbuk hesabında yazıb.





