Hazırda “Birbank” mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb. Bu barədə bankdan məlumat verilib.
“Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq. Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimiz kartla POS-terminal, eləcə də “Apple Pay” və “Google Pay” ödənişlərini rahatlıqla edə bilərlər. Müştərilərimizə anlayışları üçün təşəkkür edirik”, deyə məlumatda qeyd olunub.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, “Birbank”da yaranan problem ötən ilin sonunda elan olunan rebrendinqlə bağlı yaranıb.
Xatırladaq ki, ötən ilin sonu Kapital Bank rəhbərliyi 2025-il, yanvarın 15-dən “Kapital Bank” brendinin “Birbank” brendinə keçəcəyini bildirmişdi. Bir neçə gün olardı ki bu, reallaşmışdı:
“Və birdən-birə “Birbank” çökdü. İndiyədək “Birbank”ın, “Kapital Bank”ın belə uzunmüddətli çöküşü olmayıb. Əlbəttə, rebrendinq təkcə ad dəyişikliyi deyil.
Düşünmək olar ki rebrendinqdə “Kapital Bank” sistemlərinin Birbanka inteqrasiyasında, miqrasiya proseslərində məlumat bazalarında problemlər olub. Güman ki, aparılan zəruri olan update-yenilənmələrdən, tətbiq yenilənmələrindən sonra problemlər, məlumat bazalarında qüsurlar, texniki çatışmazlıqlar və s. olub.
Aparılan testlər yetərli də olmayıb və bunları aşkar etmək mümkün olmayıb. Beləliklə, ötən ilin sonu baş tutan rebrendinqlə bugünkü “Birbank” çöküşü arasında böyük ehtimalla bağlantı var.
İkinci ən böyük ehtimal odur ki, “Kapital Bank” sistemlərinə qarşı yönəlmiş DDoS hücumlar və ya digər kiber hücumlar olub.
İstənilən halda, ötən ilin yekununda təxminən 200 milyon gəlir götürən, ölkənin ən böyük bankı statusu olan bir bankın 5 saat müddətində sistemini bərba edə bilməməsi çox düşündürücüdür”.
O.Gündüz hesab edir ki, çöküşdən dəymiş ziyan güman ki, yüz minlərlə ölçülə bilər:
“Belə bir hal heç bir standartlara sığmır. Ümid edirəm Mərkəzi Bank da fərqindədir baş verənlərin. Problemin həlli üzərində “Kapital Bank”ın uzun müddət işləməsinə baxmayaraq, bərpanın uzanması göstərir ki, problem çox ciddidir.
Normal bir açıqlama olmadığı halda bu tip vəziyyət isə müştəri inamını sarsıda bilər. Belə uzunmüddətli dayanma banka etibarı sarsıda bilər, belə vəziyyet bankın beynəlxalq nüfuzu, reputasiyası üçün ciddi risklər yaradır. Ümid edirəm bank tez bir zamanda ağlabatan bir açıqlama verəcək və problemi də aradan qaldıracaq”.