Ukraynada hərbi qarşıdurma səbəbindən Odessa vilayətindən Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan azərbaycanlıların 8 avtomobildən ibarət kolonu 27 fevral 2022-ci il tarixində təxminən 2:00 radələrində tanınmamış “Dnestryanı Respublikası” yaxınlığında Kuçurqan adlanan keçid məntəqəsində naməlum şəxslər tərəfindən odlu silahlardan atəşə tutulub.
Bu barədə Buta.media-ya Azərbaycanın Ukraynadakı Səfirliyindən bildirilib.
Atəş nəticəsində Azərbaycan Respublikası vətəndaşları olan 1976-cı il təvəllüdlü İsmayılov Nemət, 1966-cı il təvəllüdlü İsmayılov Rəhim və 1995-ci il təvəllüdlü İsmayılov Qabil həlak olublar.
Həlak olanların qohumlarından əldə edilən məlumata əsasən, daha dörd nəfər Azərbaycan vətəndaşı yaralanıb. Hadisə yerinə Ukrayna polisi gəlib, meyitlər morqa, yaralı vətəndaşlar isə xəstəxanaya aparılıb. Yaralananların vəziyyətinin yaxşı olduğu bildirilir.
Həmçinin 27 fevral 2022-ci il tarixində səhər 9:00 radələrində Xarkov şəhərinin mərkəzində sakitlik şəraitində küçəyə su almaq üçün çıxmış Azərbaycan Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Qoşqar Məmmədov naməlum istiqamətdən gülləyə tuş gəlib.
Mərhumların nəşlərinin Azərbaycana göndərilməsi planlaşdırılır.
11:28
Xarkovda küçədə atışma zamanı Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğlu güllələnib.
Buta.media xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli məlumat verib.
S. Adgəzəlli deyib ki, K. Məmmədov qardaşı oğlunun tələbə olduğunu bildirib. Hazırda atışma olduğundan küçədən meyiti götürmək mümkün deyil.
Bundan əlavə, Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin maşın karvanı diversiya qrupu tərəfindən atəşə tutulub.
Odessada yaşayan soydaşlarımızın APA-nın Kiyevdəki xüsusi müxbirinə verdiyi məlumata görə, hadisə ötən gecə olub.Sərhəd qoşunlarının formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar tərəfindən həmvətənlərimizin olduğu 8 avtomobildən ibarət maşın karvanı atəşə tutulub.
Maşın karvanının atəşə tutulması nəticəsində 3 soydaşımız dünyasını dəyişib.