Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında leysan xarakterli yağış yağır, şimal-qərb küləyi əsir, küləyin sürəti 18 m/s-dir.
Havanın temperaturu 13 dərəcəyədək istidir.
Yağıntılı hava şəraiti bölgələrdə də davam edir. Hazırda Daşkəsən, Gədəbəy, Göygöl, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Yevlax, Göyçay, Kürdəmir, İmişli, Tərtər, Bərdə, Naftalan, Ağdam, Zərdabda fasilələrlə leysan xarakterli yağış, Xınalıq, Qrız, Şahdağda isə qar yağır.
Havanın temperaturu Naxçıvan MR-da və Aran rayonlarında 16, dağlıq rayonlarda isə 6 dərəcəyədək isti qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında oktyabrın 27-si gündüzədək, bölgələrdə isə günün ikinci yarısınadək davam edəcək.
Oktyabrın 27-nə olan hava proqnozu
Sabah, oktyabrın 27-də, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, havanın temperaturu gecə 8-11° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Günün ikinci yarısında yağıntılar tədricən kəsiləcək. Arabir duman. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacaq.