Şimali Koreya Kim İr Senin doğum ili əsasında qurulan Çuçxe təqvimindən istifadə etməyi dayandırıb. Buna Cənubi Koreyanın “Yonhap” agentliyi diqqət çəkib.
Belə ki, KXDR lideri Kim Çen Inın oktyabrın 10-da çıxışı ilə bağlı rəsmi hesabatda və ölkənin Xarici İşlər Nazirliyinin oktyabrın 11-də verdiyi bəyanatda Çuçxe tarixi göstərilsə də, (113-cü il), Kim Çen Inın bacısı Kim E Çjonun 12 oktyabr tarixində çıxışı sadəcə 2024-cü il kimi göstərilib.
KXDR-in əsas qəzeti “Nodong Sinmun” çap versiyasında oktyabrın 13-dən tarixləri Çuçxe təqvimində göstərməyi dayandırıb.
Cənubi Koreyanın Birləşmə Nazirliyinin rəsmisi “Yonhap”a bildirib ki, Çuçxe təqvimindən istifadəyə son qoymaq Kim Çen Inın atasının və babasının mirasından asılı olmayaraq öz şəxsiyyət kultunu yaratmaq səylərinin bir hissəsidir.
Çuçxe təqvimində birinci il 1912-ci il, KXDR-in qurucusu və Kim Çen Inın babası Kim İr Senin rəsmi anadan olduğu il idi. Çuçxe təqvimindəki aylar və tarixlər Qriqorian təqvimdən fərqlənmirdi. Şimali Koreyada tarix yazarkən adətən Çuçxe ili, ondan dərhal sonra mötərizədə Qriqorian təqvim ili yazılırdı.
Çuçxe təqvimi 1997-ci ildə, Kim İr Senin ölümündən üç il sonra qəbul edilib.