Abşeron rayonunun Xırdalan şəhərində vətəndaşın durumundan istifadə edən fırıldaqçılar ona 1 500 manat dəyərində ziyan vurublar.
Bunu jurnalist Asim Cəlilov feysbuk hesabında yazıb.
Hadisə sentyabrın 27-də Xırdalanda, Səfiqə Əfəndizadə, ev 29 ünvanında baş verib.
Cəlilov bildirir ki, həmin gün iki tanımadığı şəxs (biri kişi, digəri qadın) onlara gəlib və ev sahiblərini aldadaraq ailəyə ümumilikdə 1 500 AZN dəyərində ziyan vurub.
"Bacımın yoldaşı 38 yaşında xərçəng xəstəliyindən həyatını itirib. Bu hadisədən on gün sonra həmin bu naməlum şəxslər gəlib bacımın qayınanasına deyiblər ki, pul verməlisən, mən gedib qurban alıb kəsim, yoxsa nəvələrin də öləcəklər. Qadının hazırkı vəziyyətindən istifadə edərək ondan 500 manat alıblar. Daha sonra qayınana otaqdan çıxıb, bundan istifadə edərək bacıma deyiblər ki, sən də qızıl verməlisən, yoxsa uşaqların öləcəklər. Bacımdan da qızıl alıb çıxıb gediblər. Ümumilikdə ailəyə 1 500 manat dəyərində ziyan vurublar.
Həmin gün, yəni sentyabrın 27-də polisə şikayət edilib. Hadisədən 12 gün keçməsinə baxmayaraq, bu iki adamdan hələ ki heç bir xəbər yoxdur", - deyə vətəndaş bildirib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, məsələ araşdırılır.