"Dərnəgül-Həzi Aslanov" marşrutu üzrə qatarın vaqonlarının qapısından siqnallar daxil olduğu üçün "28 May-Gənclik" tunel yolunda maşinist qapı sistemini yoxlamaq məcburiyyətində qalıb.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətindən bildirilib.
"Normativ tələblərə görə, təkrar yoxlama keçirilməli olduğundan sərnişinlər "Gənclik" stansiyasında düşürülüb. Heç bir problem olmadığından "Nərimanov" stansiyasından qatar sərnişinlərlə yoluna davam edib. Nəticədə, intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb. Xəttə ehtiyat qatar verilməklə yubanma qısa müddətdə aradan qaldırılacaq.
Sərnişinlərdən rica edirik ki, vaqonların qapılarına müdaxilə etməsinlər. Bunun nəticəsində ümumi yubanmalar sərnişinlərin mənzil başına vaxtında çatmamasına, stansiyalarda sərnişin sıxlığının daha da artmasına səbəb olur",-deyə məlumatda qeyd olunub.