Bu yolda parkinq zolağına necə keçək? - video

Bakının Xətai rayonu Xocalı prospektində hərəkətin təşkili ilə bağlı aparılmış xətlənmə işləri yenidən müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, prospektdə yolun hər iki istiqamətində sağ tərəfdə avtobus zolağının çəkilməsi, ondan sonra isə avtomobillər üçün parkinq yerlərinin olması suallar yaradıb. Sürücülər parkinqə daxil olmaq üçün avtobus zolağının bütöv xətlə ayrılmış hissəsinə daxil olmalı olduqlarını bildiriblər. Bunun isə qanunla qadağan edildiyi və inzibati xəta kimi 2 bal + 100 manat cəriməyə səbəb olması qeyd edilib.

Eyni zamanda yayılmış görüntülərdə parkinq ərazisinin dolu olması da nəzərdən qaçmayıb. Mövcud vəziyyətlə bağlı tənqidi fikir bildirənlərlə yanaşı, bir çox şəxslər ərazidə avtomobillərin parkinq edilməsi üçün keçidlərin təşkil edildiyini və insanların avtomobillərini orada rahat saxlaya bildiklərini qeyd ediblər.

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, qurum tərəfindən Xətai rayonu Xocalı prospektində nişanlanmalar yenidən təşkil edilib: “Velosiped zolağı və parklanma yerləri saxlanılaraq avtomobillərin hərəkəti üçün zolaqların sayı 2-yə çatdırılıb. Parklanma yerlərinə giriş-çıxış üçün zolaqda yerlər də ayrılıb”.

Qeyd edək ki, prospektin sol hissəsində velosiped yolu da təşkil edilib. Həmin zolağın məhz solda yerləşməsi, eləcə də nəqliyyatın hərəkətinin gur vaxtları boş qalması da müzakirə mövzusuna çevrilmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ