“Sea Breeze”də 360 mənzil alan kimdir? - Emin Ağalarov rekord satışdan danışdı

Bakı yaxınlığında, Nardaran və Bilgəhdə dəniz kənarında inşa edilən supermüasir yaşayış və istirahət kompleksi “Sea Breeze Resort”a iri investisiyalar yatırılır.

Fed.Az xəbər verir ki, burada inşa edilən minlərlə mənzil investorlar üçün maraqlı yatırım hədəfinə çevrilib. Artıq burada yatırım rekordları qeydə alınmaqdadır.

İndiyədək kompleksə ən böyük yatırım bir investor tərəfindən 3 binanın alınması olub. Bu barədə kompleksin sahibi və rəhbəri Emin Ağalarov bildirib. Onun sözlərinə görə, bir investor sözügedən binalardakı 360 mənzilin hamısını alıb:

“Müştəri yaxınlaşdı, layihəyə inandı və bildirdi ki, yaxşı endirim edilsə, 3 bina, buradakı 360 mənzilin hamısını alacaq. Biz ona 1 il vaxt verdik, bu müddət ərzində binalar hazır olacaq. Bu, indiyədək qeydə alınan ən böyük satış müqaviləmizdir”, - deyə E.Ağalarov bildirib.

“Sea Breeze”in sahibi bildirib ki, müştəri bu 360 mənzili sonradan, layihə bitəndən sonra satmaq üçün alır:

“O bilir ki, bu alqı-satqıdan 50% qazanacaq”.

Kompleksə böyük məbləğ yatıran 2-ci müştəri isə 100 mənzil alıb. Emin Ağalarov bildirib ki, ümumilikdə kompleksdə 1700 mənzil vardı və 2-ci müştəri gəldikdə onlardan cəmi 100 mənzil qalmışdı, həmin investor da satışda olan sonuncu 100 mənzilin hamısını əldə edib:

“Layihə bitdikdən sonra həmin investor ikitərəfli qazanacaq – indi kvadratmetri 1500 dollara alınan təmirsiz mənzilləri o, layihə bitdikdən sonra 3000-3500 dollara asanlıqla sata biləcək”.

Emin Ağalarov bildirib ki, kompleksdəki mənzilləri təmirsiz alıb, sonradan təmir edib satmaq çox gəlirlidir:

“Mən bank olsaydım, bu mənziləri satmazdım, sadəcə təmir edib, sonradan təmirli satardım”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ