ABŞ-nin "Apple" korporasiyası yeni məhsullarının təqdimatını keçirib.
Tədbir çərçivəsində brendin 6,1 və 6,7 düym diaqonallı "iPhone 16", "16 Plus", "16 Pro", "16 Pro Max" yeni nəsil smartfon modellərini nümayiş etdirib.
Smartfonlarda kameranı idarə etmək üçün yeni "Capture" düyməsi var. Aparat əvvəlki nəsil çiplərdən 40% daha sürətli olan yeni A18 çipi il çalışır.
"iPhone 16" mətnləri onlayn tərcümə edə, həmsöhbətin statusundan asılı olaraq optimal ünsiyyət üslublarını seçə, həmçinin əlyazma mətn əsasında emoji yarada bilən "Apple Intelligence" süni intellektinə sahibdir.
Bununla yanaşı, şirkət əvvəlki modellərlə müqayisədə ən incə korpusa (9,7 mm) malik yeni "Apple Watch Series 10" smart saatını da təqdim edib. Model həm də ən böyük ekrana sahibdir.
Saatın 80%-ə qədər doldurulması təxminən 30 dəqiqə çəkir ki, bu da bütün əvvəlki versiyalardan daha sürətlidir. Batareya 18 saat işləməyə tab gətirir.
Saat 50 m dərinliyə qədər suya batırıla bilər və müxtəlif detektorlarla, o cümlədən sualtı istifadə üçün dərinlik ölçmə funksiyası ilə təchiz edilib.
Bundan əlavə, yeni versiyada yuxuda tənəffüs sisteminin pozulmasını aşkar etmək funksiyası var.
ABŞ-də yeni ağıllı saatın qiymətləri 399 dollardan başlayır, ilkin sifarişlər sentyabrın 9-dan start götürür. "Apple Watch Series 10" sentyabrın 20-də satışa çıxarılacaq.
Təqdimat mərasimində, həmçinin yeni "AirPods" 4 qulaqlıqları da nümayiş olunub.
Standart qulaqlıq 129 dollar, aktiv səs-küyü azaldan versiya isə 179 dollara başa gələcək. Satışlar sentyabrın 20-də başlayır.