Bakıda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə etiraz əlaməti olaraq yolu bağlayan TIR sürücüsü Rəmiş Cəfərov saxlanılıb.
Buta.media-nın xəbərinə görə, bu barədə Bakupost məlumat yayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında 4 yük maşını Heydər Əliyev prospektində yolu bağlamışdı.
“R-Group” şirkətinin sürücüləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etiraz edirdilər. Onlar TIR-lardan birinin üzərinə “bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!” ifadələrini yazıblar.
TIR-ların yolu bağlı saxlaması nəticəsində nəqliyyatın hərəkətində bir müddət böyük tıxac yaranıb. Sonradan Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yolda nəqliyyatın hərəkətini bərpa ediblər.