“Qanunsuz taksilər “20 Yanvar”dan yığışdırılsa da...”

“20 Yanvar” metro stansiyası ətrafında, Tbilisi prospektində avtobus zolağı yaradıldıqdan sonra orada maraqlı proseslər baş verir və buna uyğun müzakirələr gedir. Qeyd edim ki, orada problem nə avtobus zolağıdır, nə də “qanunsuz” sərnişindaşımada istifadə edilən taksilər və mikroavtobuslardır. Problem məsələnin həllinə yanaşmalardakı və baxışlardakı səhvlərdir”.

Bunu nəqliyyat eksperti Ərşad Hüsüeynov sosial şəbəkə hesabında bildirib.

Ekspert qeyd edib ki, bu iki şəhər arasında təkcə vağzaldan-vağzala sərnişindaşımanın olması yanlış yanaşmadır:

“Sumqayıtın şəhər kimi tikildiyi ilk illərdən bu iki şəhər vahid aqlomerasiyadır. Deməli, onlara həm də vahid mobillik zonası (məkanı) kimi baxılmalıdır. On minlərlə (bəkə də yüz mindən çox) insan mütəmadi olaraq hər gün bu iki şəhər arasında gedib-gəlir. Bu, onların rutin həyatının axarıdır. Həmin adamlar bu şəhərlərdən birində yaşayıb, o birisində işləyirlər, təhsil alırlar və s”.

Ə.Hüseynovun sözlərinə görə, müasir şəhərdə yaşayan insan gündəlik həyatında mobilliyini təmin etmək üçün səyahətə (gediş-gəlişə) sərf etdiyi vaxt və səyahətin qiymətini (gediş-gəlişə xərclədiyi pul) ciddi nəzərə alır:

“Bakı-Sumqayıt arasında vağzaldan-vağzala üsulu ilə təşkil edilən qanuni ictimai nəqliyyatdan istifadə zamanı bu amillərin hər ikisinin ən uğursuz variantı ortaya çıxır. Tərslikdən hər iki şəhərin avtovağzalı bir-birinə tərəf ən yaxın çıxışda yerləşir. Bu üsulla Bakı-Sumqayıt arsında gedib-gələn hər kəs məcburdur ki, hər iki şəhərin daxili nəqliyyatından da istifadə etsin, özü də bəzən bir neçə avtobus marşrutu və ya metro stansiyası dəyişməklə. Bu isə orta statistik sərnişinin bu iki şəhər arasındakı səfər müddətini bəzən 2 saata, səfər qiymətini isə 2 manata yaxınlaşdırır. Deməli bu, çox səmərəsiz və insanları qaçırdan bir üsuldur.

Mütəxəssis onu da bildirib ki, ona görə də Sumqayıtın bir neçə yerindən Bakının bir sıra yerlərinə (o cümlədən, elə həmin “20 Yanvar” stansiyasının yanına) və əksinə ictimai nəqliyyat təşkil edilməlidir:

“Sərnişin axını, infrastruktur araşdırılmaqla müxtəlif tutumlu avtobuslarla marşrutlar yaradılmalıdır. Maraqlısı odur ki, sovet dövründə və təxminən 15 il bundan əvvələ qədər Sumqayıtın bir neçə yerindən Bakının bir neçə istiqamətinə və əksinə ictimai nəqliyyat var idi. Bunu daha müasir və mədəni şəkildə bərpa etmək lazımdır. Bu iki şəhər arsında qatarla daşımanın da imkanları ciddi yaxşılaşdırılmalıdır”.

“İndiki vəziyyətdə “qanunsuz” dediyiniz taksilər və mikroavtobuslar həmin ictimai nəqliyyatın işini görürlər. Belə yanaşma davam etdikcə, onlara tələbat da qalacaq. Onları kimsə “20 Yanvar” stansiyası ətrafından yığışdırsa da, qısa müddətdə başqa bir yerdə, bəlkə də daha eybəcər formada toplaşacaqlar.

Bakının şimalındakı qəsəbələrə və Xırdalana gedənlərin isə ən böyük problemi avtobus çatışmazlığı, avtobusların qeyri-dəqiq qrafiklə işləməsi, mövcud avtobusların çoxunun ən aşağı komfortda olmasıdır. Bu problemlər həll edilsə, həmin qəsəbələrə və Xırdalana gedib-gələnlərin “qanunsuz” dediyiniz taksilərə və mikroavtobuslara ehtiyacı qalmayacaq”, - deyə Ə.Hüseynov vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ